Məzahir Pənahov: Bir sıra dövlətlər seçkilər zamanı karbohidrogen ehtiyatları olan ölkələrə münasibətdə fərqli maraqdan çıxış edirlər

Bir sıra dövlətlər, beynəlxalq təşkilatlar seçkilər zamanı karbohidrogen ehtiyatları və digər resursları olan ölkələrə münasibətdə fərqli maraqdan çıxış edirlər…

Bir sıra dövlətlər, beynəlxalq təşkilatlar seçkilər zamanı karbohidrogen ehtiyatları və digər resursları olan ölkələrə münasibətdə fərqli maraqdan çıxış edirlər. Trend-in məlumatına görə, bunu Azərbaycan Prezidenti yanında Bilik Fondunda keçirilən görüşdə Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov deyib.

MSK sədri bildirib ki, bir sıra beynəlxalq təşkilatların da seçkilərlə bağlı mövqeyi obyektiv olmur: “Görürsən ki, çatışmazlıqları aradan qaldırmaq yox, fərqli məqsəddən çıxış edirlər. Ona görə də sadəlövh olmamalıyıq ki, qərblidirsə, bizim mənafeyimizə uyğun mövqe qoyacaq, addım atacaqlar. Heç kim bizim əvəzimizə demokratik ölkə qurmaz. Yenə də bir sıra böyük dövlətlərin dünyanı idarə etmək iddiaları var”.

M.Pənahov deyib ki, demokratik cəmiyyət quruculuğu vətəndaşların özündən başlayır.

Onun sözlərinə görə, hazırda ölkələrin daxili işlərinə müdaxilə etməyin ən asan yolu seçkilərdir: “Çünki demokratiyanın heç bir ölkənin daxili işi olmadığı məntiqindən çıxış edirlər və bu məntiqlə də razılaşmamaq olmur. Demokratiyanın ən əsas göstəricisi də seçkilərdir. Əfsuslar olsun ki, bu prosesdə də müəyyən söz sahibi olanlar var və mütləq həqiqəti ortaya qoymaq mümkün deyil. Məsələn, Azərbaycanda və başqa bir ölkədə seçki keçirilir, Azərbaycanda seçki daha yaxşı keçirilsə də, digər ölkədə seçkilərin daha yaxşı keçirildiyini bildirirlər. Düzdür, hər bir ölkədə olduğu kimi, Azərbaycanda da seçkilərdə müəyyən çatışmazlıqlar ola bilər. Lakin indiyədək heç bir beynəlxalq təşkilat Azərbaycanda prezident, parlament və bələdiyyə seçkilərinin nəticələrini şübhə altına almayıb “.

M.Pənahov deyib ki, dünyaya demokratiya dərsi verməyə çalışan ölkələrin çoxunda seçkiləri müşahidə institutu yoxdur.

Onun sözlərinə görə, İngiltərədə heç Seçki Məcəlləsi də yoxdur: “1860-cı illərdə hansısa sənəd qəbul ediblər, sonra da 3 maddə dəyişiklik ediblər. Lakin bu, o demək deyil ki, onlar demokratik seçki keçirmir, bu, onların adət-ənənələrinə hopub. Seçkidən sonra da hamı seçkinin nəticələrindən razı qalır “.

MSK sədri daha sonra çıxışında bildirib ki, ATƏT-in ABŞ-da prezident seçkiləri zamanı müşahidə missiyası göndərməsi təklifi ilə çıxış edənlərdən biri Azərbaycan olub: “Hətta ABŞ-da ştatların birinin qubernatoru demişdi ki, müşahidəçilər gəlsə, həbs edəcəyik. Ancaq Azərbaycanda seçkilərə minlərlə müşahidəçi gəlir, dəvət olunur. Azərbaycanda keçirilən bələdiyyə seçkilərini isə adətən Avropa Şurasının Yerli və Regional İdarəetmə Konqresinin nümayəndələri müşahidə etməyə gəlir. Lakin bu Konqres də müəyyən bir mövqedən çıxış edir”.

M.Pənahov beynəlxalq qurumların ikili standartlardan çıxış etdiyini də qeyd edib: “Ermənistanda prezident seçkiləri zamanı ölümlər, həbslər olmuşdu, lakin Azərbaycanda 5-10 nəfər vandallıq etmişdi. Ancaq Ermənistanda seçkilərlə bağlı ATƏT-in hesabatında heç nə yox idi, Azərbaycanla bağlı isə hər şey şişirdilmişdi. ATƏT-in hesabatlarında xristian həmrəyliyi var “.

 

/Trend/