Macarıstan Milli Assambleyasının üzvü: “Ermənistan Dağlıq Qarabağdan tamamilə çıxmalıdır”

“BMT Təhlükəsizlik Şurasının qətnamələrindən irəli gələn tələblərdən uzun müddət boyun qaçırmaq olmaz: Dağlıq Qarabağ və ətraf rayonlar Azərbaycanın legitim və dünya ictimaiyyəti tərəfindən qəbul olunmuş əraziləridir. Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalı isə beynəlxalq hüquqa daban-dabana ziddir…

“BMT Təhlükəsizlik Şurasının qətnamələrindən irəli gələn tələblərdən uzun müddət boyun qaçırmaq olmaz: Dağlıq Qarabağ və ətraf rayonlar Azərbaycanın legitim və dünya ictimaiyyəti tərəfindən qəbul olunmuş əraziləridir. Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalı isə beynəlxalq hüquqa daban-dabana ziddir. Bu da Ermənistan hərbi qüvvələrinin Dağlıq Qarabağ və ona qonşu ərazilərdən tamamilə çıxmasını tələb etməyə əsas verir”.

Avropa Azərbaycan Cəmiyyətin (AAC) APA-ya verilən məlumata görə, bunu Macarıstan Milli Assambleyasının üzvü, parlamentdəki Macarıstan-Azərbaycan Dostluq Qrupunun sədr müavini doktor Ferenk Papsak deyib.

O bildirib ki, beynəlxalq ictimaiyyətin Ermənistanın Azərbaycan ərazilərindən hərbi hissələrini geri çəkməsi tələbi artıq 20 ildir ki, mövcuddur: “Amma bunun heç bir nəticəsi görünmür. Əksinə, Ermənistan Dağlıq Qarabağda Xocalı aeroportunu işə salmaq və qondarma prezident seçkilərini keçirməklə beynəlxalq ictimaiyyəti qıcıqlandırır. Avropa İttifaqı dəfələrlə bəyan etmişdir ki, bu seçkilər münaqişənin sülh yolu ilə həllinə çalışan beynəlxalq ictimaiyyətin işinə əngəl törədir”.

 

Macarıstan parlamentinin üzvü Ermənistanın işğalçılıq siyasətinin BMT Təhlükəsizlik Şurası tərəfindən 1993-cü ildə 822, 853, 874 və 884 saylı qətnamələri ilə mühakimə olunaraq BMT Nizamnaməsinin ikinci maddəsinə əsasən beynəlxalq hüququn pozulması kimi qeydə alındığını xatırladıb: “Bunu 2008-ci ildə BMT Baş Assambleyası da təsdiq edib. Buna görə də Dağlıq Qarabağ Azərbaycan Respublikasının ayrılmaz hissəsidir. 2005-ci ildə Avropa Şurası da müvafiq qətnamə qəbul edib. 2010-cu ildə Avropa Parlamenti Ermənistan silahlı qüvvələrinin işğal etdikləri ərazilərdən çıxmasını tələbi ilə çıxış edib. Bu tələb hələ də qüvvədədir. Avropa Birliyi Dağlıq Qarabağdakı həllini tapmamış ərazi probleminə nöqtə qoymaq üçün öz tərəfdaşları ilə birgə bütün vasitələrə əl atmalıdır”. /APA/