“Ali məktəblərin yataqxanalarında məskunlaşan məcburi köçkünlərin hamısını birdən köçürmək mümkün olmaz. Bu mərhələli şəkildə həyata keçirilməlidir”.
APA-nın xəbərinə görə, bunu təhsil naziri Misir Mərdanov bildirib. Baş nazirin müavini Əli Həsənovun ali təhsil müəssisələrinin yataqxanalarında məskunlaşan məcburi köçkünlərin köçürüləcəyi barədə açıqlamasına münasibət bildirən nazir deyib ki, bu barədə Nazirlər Kabinetinin iclasında ölkə prezidenti tərəfindən müəyyən məlumat verilib: “Əli Həsənov da həmin məlumata əsasən bu açıqlamanı verib. Ölkə prezidentinin bir tapşırığı var ki, ali məktəblərin, ümumiyyətlə, təhsil müəssisələrinin özündə və yataqxanalarında məskunlaşan məcburi köçkünlər üçün evlər tikilsin və onlar ora köçürülsün”.
Nazir bu işə bu il başlanacağını açıqlayıb: “Amma ali məktəblərin yataqxanalarında məskunlaşan məcburi köçkünlərin hamısını birdən köçürmək mümkün olmaz. Bu mərhələli şəkildə həyata keçirilməlidir. Mənim məlumatıma görə, bu il ali məktəblərin birində, ya ikisində bununla bağlı işlər görüləcək”.