Ziya Məmmədov İlham Əliyevin tədbir iştirakçılarına müraciətini çatdırıb…
Ziya Məmmədov İlham Əliyevin tədbir iştirakçılarına müraciətini çatdırıb.
Bu gün Bakıda MDB və Baltikyanı ölkələrin Dəmir Yolu Nəqliyyatı Şurasının 61-ci iclası keçirilir.
MDB və Baltikyanı ölkələrin Dəmir Yolu Nəqliyyatı Şurasının fəaliyyəti sayəsində ölkələrimiz arasında əməkdaşlıq əlaqələri qurulub, yük və sərnişin daşınmalarının fasiləsiz təmin edilməsinə, razılaşdırılmış beynəlxalq tarif siyasətinin həyata keçirilməsinə və hüquqi bazanın təkmilləşdirilməsinə nail olunub.
Oxu.Az APA-Economics-ə istinadən xəbər verir ki, tədbirin açılışında Azərbaycanın nəqliyyat naziri Ziya Məmmədov prezident İlham Əliyevin tədbir iştirakçılarına müraciətini çatdırıb.
Dövlət başçısının müraciətində bildirilib ki, Azərbaycan iqtisadiyyatında nəqliyyatın inkişafı mühüm mövqeyə malikdir.
“Bu gün yol nəqliyyatının bütün sahələri sürətlə modernləşdirilir, yalnız ölkə miqyasında deyil, region üçün əhəmiyyətli layihələr həyata keçirilir. Yeni Bakı Beynəlxalq Ticarət Limanı, Bakı-Tiflis-Qars dəmiryolu xətti inşa edilməsi, qəbul edilmiş dövlət proqramı çərçivəsində Azərbaycan dəmir yolları infrastrukturunun yenidən qurulması, həmçinin Şərq-Qərb, Şimal-Cənub nəqliyyat dəhlizlərində daha böyük həcmdə daşınmaların həyata keçirilməsinə imkan yaradır”, – deyə müraciətdə bildirilir.
Qeyd edək ki, tədbirdə Şuranın 60-cı iclasında qəbul edilən qərarların yerinə yetirilməsi, həmçinin 2014-cü ilin 9 ayı ərzində dəmir yolu şəbəkəsinin istismar işlərinin yekunları haqqında, 2015-2016-cı illərdə qatarların hərəkət qrafiki haqqında, 2014-cü ilin may ayında keçirilmiş yük vaqonlarının və 2014-cü ilin sentyabr ayında keçirilmiş konteynerlərin əvvəlcədən siyahıya alınmasının yekunları haqqında, 2014-cü ilin 8 ayı ərzində dəmir yolu administrasiyaları arasında qarşılıqlı hesablaşmalar haqqında, yük vaqonları parkının vahid idarəetmə sistemi üzrə əldə olunan razılığın yerinə yetirilməsi haqqında, 2015-ci fraxt ilində beynəlxalq istiqamətdə dəmir yolu ilə yükdaşımada Tarif siyasəti haqqında, beynəlxalq sərnişin daşınması üzrə MDB dövlətləri həmçinin Gürcüstan, Latviya, Litva və Estoniya respublikaları arasında bağlanan Razılığa dəyişikliklər və əlavələr edilməsi haqqında, Şura Müdiriyyətinin 2015-ci ildə fəaliyyətinin təmin olunması üçün xərclər Smetası haqqında, Dəmir yolu administrasiyaları Məlumat-hesablama Mərkəzlərinin 2015-ci ildə fəaliyyətinin təmin edilməsi üzrə təsdiq edilmiş Smetası haqqında, “Fəxri dəmiryolçu” döş nişanının bölgüsü kimi məsələlər müzakirə olunacaq.