Qurban bayramı münasıbəti ilə heyvanlar kəsilərək imkansız insanlara paylanılıb…
Qurban bayramı münasıbəti ilə heyvanlar kəsilərək imkansız insanlara paylanılıb.
Pakistanın Xayber Paxtunxva əyalətinin qaçqınların məskunlaşdıqları Lakki Marvat və Dera İsmail Xan bölgələrində, həmçinin daşqın və seldən zərər çəkmiş Pəncab əyalətinin bir sıra şəhərlərində Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın dəstəyi ilə Qurban bayramı münasibətilə bir sıra tədbirlər keçirilib.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, Lakki Marvat bölgəsində təşkil olunan mərasimdə çıxış edən Pakistanın tanınmış siyasətçisi, senator Səlim Seyfulla Xan müqəddəs Qurban bayramı günlərində çətin maddi və mənəvi durumda olan məcburi köçkünlərin dərdinə şərik olduğuna görə Azərbaycanın birinci xanımı Mehriban Əliyevaya minnətdarlığını bildirib. Azərbaycana 2012-ci ildə səfər etdiyini bildirən Səlim Seyfulla Xan azərbaycanlıların ürəyində Pakistan xalqına dərin sevginin olduğunu, ölkələrimiz arasında sıx dostluq və qardaşlıq əlaqələrinin inkişaf etdiyini bildirib.
Həmin əyalətin Dera İsmail Xan bölgəsindəki mərasimdə ali qonaq qismində iştirak edən Pakistan Milli Assambleyası sədrinin sabiq müavini, Pakistan-Azərbaycan parlamentlərarası dostluq qrupunun üzvü Feysəl Kərim Kundi də bölgə əhalisinə və məcburi köçkünlərə göstərdiyi diqqətə görə Mehriban Əliyevaya minnətdarlıq edib. O, Heydər Əliyev Fondunun bu bölgədə inşa etdirdiyi “Heydər Əliyev su təchizatı sistemi” və məcburi köçkünlər üçün həyata keçirdiyi digər layihələr barədə məlumat verib. Feysəl Kərim Kundi bütün bunları Pakistan və Azərbaycan arasında qardaşlıq münasibətlərinin təzahürü kimi qiymətləndirib. O, oktyabrın 2-3-də Bakıda keçirilən IV Beynəlxalq Humanitar Forumda iştirakından aldığı təəssüratları tədbir iştirakçıları ilə bölüşüb.Tədbirlərdə Pəncab əyalətinin sel və daşqınlardan zərər çəkən Multan və Okarada bölgələrindən olan tanınmış ictimai-siyasi xadimlər və ziyalılar iştirak ediblər.
Azərbaycanın Pakistandakı səfiri Daşqın Şikarov Mehriban Əliyevanın adından tədbir iştirakçılarını Qurban bayramı münasibətilə təbrik edib, onlara xoş arzularını çatdırıb. Səfir Heydər Əliyev Fondunun Azərbaycanda və xarici ölkələrdə həyata keçirdiyi uğurlu layihələr barədə də məlumat verib. Pakistan əyalətlərində keçirilən tədbirlər zamanı iri və xırdabuynuzlu heyvanlar kəsilərək imkansız insanlara paylanılıb.