İtaliyanın Milan şəhərində şairə Maddalena Capalbinin Xocalı faciəsindən bəhs edən “Günahsız” adlı şeirlər toplusunun təqdimatı olub.
Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildiriblər ki, təqdimat Milan Bələdiyyəsinin hər ay təşkil etdiyi “Milan poeziya ilə qovuşdu” layihəsi çərçivəsində baş tutub. Layihənin məqsədi insanları poeziyaya daha da yaxınlaşdırmaq, poetik dillə həm bədii, həm də sosial mesajlar verməkdir.
Palazzo Marino Milan administrasiyası binasında keçirilən M.Capalbi ilə görüşdə şəhər bələdiyyəsinin rəhbərliyi, yazıçı və şairlər, jurnalistlər, Cüzeppe Verdi adına Milan Dövlət Konservatoriyasının professor və tələbə heyəti, musiqiçilər və digər sənətlərin təmsilçiləri, iş adamları və təşkilat rəhbərləri iştirak ediblər. Tədbirdə rejissorluğu və aparıcılığı Milan Konservatoriyasının professoru, bəstəkar-şair Azərbaycan Yazıçılar İttifaqinin üzvü Davide Gualtieri edib.
Gənc yaşlarından poeziyaya həvəs göstərən M.Capalbi uzun illər Milanın Respublika Prokurorluğunda kansler vəzifəsində çalışsa da, yaradıcılığını davam etdirir və hər il poetik antalogiyalarla çıxış edir. Bu fəaliyyətinə görə şairə 2015-ci ildə “Qızıl Ambrogino” mükafatına layiq görülüb. O, şeirlərində əsasən zülmlərə məruz qalan günahsız uşaqlar və qadınlar haqqında danışır. Müqəddəs qadınları təhqir olunmuş göstərir və qadın obrazını önə çəkir. Qədim vaxtlarda olduğu kimi, bu gün də qadınların zorakılığa məruz qaldığını təəssüflə bildirən şairə bütün təbəqələrdən olan və iztirab çəkən, günahsız, əzablara düçar olmuş qadınları cəsarətlə təsvir edib. Onun fikrincə qan, təcavüz içində yaşayan balaca uşaqlar buna öyrəşərək hətta gülə bilir, həyatın belə olduğuna da inanırlar. Onlarda qorxu, həyəcan o qədər güclüdür ki, azadlıq veriləndə belə onları əsil insan həyatına qaytarmaq çətin olur. Bu anlar onların yaddaşlarına ömürlük həkk olur.
Tədbirin aparıcısı D.Gualtieri bildirib ki, M.Capalbinin qadın və uşaq zorakılığından bəhs edən şeirləri, əslində, ermənilərin Azərbaycanda dinc əhaliyə qarşı törətdikləri amansız qəddarlıqların təsviridir. O, iştirakçılara Xocalıda öz doğma torpaqlarında şəhid olmuş, ata-baba yurdundan didərgin düşənlərin ağrısı haqqında məlumat verib. D.Gualtieri, həmçinin qeyd edib ki, günahkar təkcə faciəni törədənlər deyil, həm də bu faciəni görüb susanlardır.
Şairə M.Capalbi də bu faciədən, ermənilərin azərbaycanlıların başına gətirdiyi müsibətlərdən ətraflı məlumatlı olduğunu deyib. Azərbaycanı yaxşı tanıdığını vurğulayan şairə ölkəmizin dostu olaraq İtaliyada “Azəri” Azərbaycan Mədəniyyət Assosiasiyasının Milanda təşkil etdiyi Xocalı soyqırımına həsr edilən tədbirlərdə iştirak edərək Azərbaycanı hər zaman dəstəklədiyini bildirib. O, azərbaycanlı şair və yazıçılarla dostluq münasibətlərindən də bəhs edib.
Görüşdə M.Capalbinin həyat və yaradıcılığından bəhs olunub, şeirlərindən parçalar səsləndirilib, bəzi şeirlər isə musiqi və rəqslərlə teatrlaşdırılmış şəkildə tamaşaçılara təqdim olunub. Tədbirin bədii hissəsinin yaradıcı heyətində xoreoqraf, İtaliyada Azərbaycan Mədəniyyəti Assosiasiyasının prezidenti Mais Nuriyev də olub.