Milli Məclis Avropa Parlamentinin prezidentinə müraciət etdi

Müəllif bu hadisələri düzgün qiymətləndirməyə cəhd göstərmək istəməyib…

Müəllif bu hadisələri düzgün qiymətləndirməyə cəhd göstərmək istəməyib.

Azərbaycan Milli Məclisinin deputatı Elxan Süleymanov almaniyalı deputat Aleksandr Graf Lambsdorfun ALDE qrupu adından təqdim etdiyi təcili qətnamə layihəsi ilə bağlı Avropa Parlamentinin prezidenti və üzvlərinə, həmçinin Avronest Parlament Assambleyasının həmsədrlərinə müraciət ünvanlayıb. 

Oxu.Az deputatın ofisindən Modern.az-a daxil olan müraciəti olduğu kimi təqdim edir:

Avropa Parlamentinin prezidenti cənab Martin Şultsa, Avronest PA-nın həmsədrlərinə Avropa Parlamentinin üzvlərinə

Almaniyalı deputat Aleksandr Graf Lambsdorfun ALDE qrupu adından təqdim etdiyi təcili qətnamə layihəsində ehtiva edilən bəzi məlumatlar barədə

Son zamanlar Avropa Parlamenti və digər Avropa təşkilatlarında  bəzi siyasətçilər Aİ-nin Şərq Tərəfdaşlığı ölkələrindən biri olan Azərbaycana qarşı qərəzli kampaniyalara və kəskin hücumlara başlamışlar. Bu qərəzli kampaniyada Almaniyalı deputat Aleksandr Graf Lambsdorf və onun təmsil etdiyi yaxın ətrafı xüsusi aktivlik nümayiş etdirirlər. Cənab Lambsdorfun ALDE qrupu adından təqdim etdiyi qətnamə layihəsi bu kampaniyanın tərkib hissəsidir. Belə ki, qətnamə layihəsinin tərtibatı, yoxlanılmamış faktlara istinad edilməsi, bölgədə olan geosiyasi gerçəkliklərin nəzərə alınmaması, suveren dövlətə qarşı sərt və qeyri-adekvat sanksiyaların tətbiq edilməsinin tələb edilməsi, hüquqi məsələlərin siyasi müstəvidə həll edilməsinə çağırışlar bu sənədin tələsik və açıq-aşkar qərəzli hazırlanması ilə bərabər, məqsədyönlü antiazərbaycan xarakter daşımasını sübut edir.

Qətnamə layihəsində diqqəti çəkən məqam ondan ibarətdir ki, müəllif Azərbaycanda baş verən hadisələri yalnız mənfi prizmadan qiymətləndirir, şəxsi mülahizələri əsasında qəbuledilməz ümumiləşdirlmələrə yol verir, müasir sivil dünyanın ən vacib dəyərlərindən biri olan hüququn aliliyi prinsipinə məhəl qoymadan siyasi dəyərləndirmələrə üstünlük verir.

Məntiqi sual olunur: Qətnamə müəllifinin bu yanaşması təsadüfdürmü? Qətnamə layihəsi ilə yaxından tanış olduqda bu sənədin təsadüfən deyil, əksinə məqsədyönlü şəkildə belə formatda təqdim edildiyinin şahidi oluruq. Misal üçün, müəllif layihənin N bəndində çox ümumi formada ölkədə jurnalistlərin təqib edildiyini bildirir, lakin bunun sübutu olaraq hər hansı konkret fakt və ya istinad vermir.

Digər bir misal: layihənin təklif olunan qərarlar hissəsinin 2-ci bəndində barələrində istintaq tədbirləri davam edən şəxslərin dərhal və qeyri-şərtsiz azad edilməsi tələb edilir. Müəllif belə tələb irəli sürməklə barələrində istintaq tədbirləri davam edən şəxslərin ədalətli məhəkəmə baxışı hüququnun pozulmasına və istintaqın gedişinə birbaşa müdaxiləyə çağırış etmiş olur və bununla da insan hüquqlarının müdafiəsinə dair beynəlxalq konvensiyaların və digər sənədlərin müvafiq müddəalarına qarşı çıxır.

Dərin təssüf doğuran məqamlardan biri də ondan ibarətdir ki, müəllif QHT-lərin fəaliyyətinin tənzimlənməsi ilə bağlı qanunvericiliyi düzgün qiymətləndirmir, onların fəaliyyətində mövcud olan qeyri-şəffaflığa və məsuliyyətsizliyə bəraət qazandırır. Bununla bağlı qeyd etməliyəm ki, QHT-lər haqqında qanuna edilmiş son dəyişiklik və düzəlişlər (2013-cü ilin dekabr ayında qəbul edilib və 2014-cü ilin fevral ayında qüvvəyə minib) qeyri-hökumət təşkilatlarının fəaliyyətində şəffaflığı artırmaq məqsədi daşıyır. Həm dövlət, həm də özəl sektoru əhatə edən bu dəyişiklik və düzəlişlər Azərbaycan cəmiyyətinin bütün sahələrində korrupsiya ilə mübarizəyə yönəlmiş hərtərəfli tədbirlərin tərkib hissəsidir. Lakin müəllif bu hadisələri düzgün qiymətləndirməyə cəhd göstərmək istəməmişdir.

Bu kontekstdə qeyd etməliyəm ki, qeydiyyatı olmayan QHT-ləri təsis edən şəxslər çox zaman şəxsi mənafelərini üstün tutaraq, vətəndaş cəmiyyətinə müvafiq olmayan, qanunvericiliyin pozulması ilə müşayət edilən bu və ya digər fəaliyyətlə məşğul olurlar. Həmin şəxslər eyni zamanda hesab edirlər ki, statusları onları qanuna riayət etməkdən azad edir. Lakin nəinki Azərbaycanda, hətta Avropa ölkələrində və ABŞ-da da nəzarətsiz və qeydiyyatsız QHT-lərin fəaliyyəti yolverilməzdir.

Avropa Parlamenti adından Avropanın ən mühüm donor təşkilatı olan Avropanın Demokratiyaya Dəstək Fondunun (EED) təşəbbüskarı və belə demək olarsa, bir növ qəyyumu rolunu üzərinə götürmüş Lambsdorf nə üçün qətnamə layihəsində Azərbaycandan olan tərəfdaşlarını qeyri-şəffaf və qeyri-qanuni fəaliyyətə sövq edir?

Vəsaitlərin xərclənməsində şəffaflıq və cavabdehliyin vacib olduğu  Avropa ölkələrində belə çağırışlar mümkündürmü?

Nə üçün Lambsdorf hesab edir ki, Azərbaycanda davam edən istintaq və sonrakı məhkəmə proseslərində digər suallarla yanaşı qeyri – şəffaf QHT rəhbərləri xaricdə və öz ölkələrində daşınmaz əmlakları və digər mülkiyyətlərinin mənbəyi barədə əsaslı və qanuni sübutlar təqdim etməməlidirlər?

Nəhayət, nə üçün Lambsdorf bir sıra həbs edilmiş, barələrində istintaq işləri davam edən və ya məhkəmə qərarları qəbul edilmiş şəxslərin “dərhal və qeyd-şərtsiz azad olunmasına və onlara qarşı qaldırılan bütün ittihamların rədd edilməsinə” çağırış edərək, məhkəmələrin səlahiyyətinə aid olan sırf hüquqi məsələni siyasi müstəvidə saxlamağa və onun Azərbaycana qarşı siyasi təzyiq formasında həll edilməsinə çalışır?

Azərbaycan tərəfi hesab edir ki, hüquq-məhkəmə qaydalarına uyğun olaraq, siyasi məhbus olması və ya saxta ittihamlarla həbs olunması iddia edilən hər bir məhbusla bağlı iddiaçı tərəf (beynəlxalq və yerli QHT-lər, beynəlxalq təşkilatlar və s.) məhkəmə iddiası qaldırmalı və kimin siyasi məhbus olub-olmamasını və ya saxta ittihamlarla həbs edilib-edilməməsini məhkəmə müəyyən etməlidir.

Digər tərəfdən, əgər cənab Lambsdorf və onun yaxın ətrafı doğrudan da insan hüquqlarının və fundamental azadlıqların təmin edilməsinə çalışırlarsa, onda niyə 22 ildən artıq bir müddət ərzində Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalı nəticəsində yüz minlərlə azərbaycanlının  kütləvi, kobud və davamlı şəkildə pozulmuş hüquqlarının bərpa edilməsi istiqamətində bir dəfə də olsun məsələ qaldırmamışlar və məsələ ilə bağlı biganəlik nümayiş etdirmişlər? Nə üçün Lambsdorf və onun yaxın ətrafı ayrıseçkiliyə yol verərək indiyədək Azərbaycan ərazilərini işğal altında saxlayan, işğala görə tək Azərbaycan qarşısında deyil, bütövlükdə dünya birliyi qarşısında beynəlxalq-hüquqi məsuliyyət daşıyan Ermənistan dövlətinə  qarşı sanksiyaların tətbiq edilməsini tələb etməmişlər?

Beləliklə, Lambsdorfun təqdim etdiyi qətnamə layihəsinin əsl məqsədi aydın olur: Azərbaycana qarşı siyasi təzyiqlər edərək onu ikinci dərəcəli məsələlərlə məşğul edərək, işğal altında olan ərazilərin azad edilməsi kimi prioritet məsələnin həllindən yayındırmaq.

Ümid edirəm ki, Avropa Parlamentində öz obyektivliyi və prinsipiallığı ilə seçilən deputatlar üstünlük təşkil edir və cənab Lambsdorfun ALDE qrupu adından təqdim etdiyi qətnamə layihəsinin qərəzli, qeyri-obyektiv olması onlarda şübhə doğurmur və onlar bu qətnamə layihəsini dəstəkləməyəcəklər.

www.oxu.az