Miqrantların Avropada ən çox üz tutduqları ölkə məlum oldu

2020-ci ilin ilk 4 ayında Avropa İttifaqı (Aİ) ölkələri, həmçinin İsveçrə və Norveçə sığınacaq üzrə təqdim edilən ərizələrin sayı ciddi şəkildə azalıb.

“Report” Almaniyanın “Die Welt” qəzetinə istinadən xəbər verir ki, bu barədə Aİ-nin müvafiq qurumu məlumat yayıb.

Bildirilib ki, ötən ilin eyni dövrü ilə müqayisədə sığınacaq üçün müraciət edən insanların sayında 25% azalma qeydə alınıb.

Məlumata görə, Almaniya miqrantlar arasında artıq ən populyar ölkə deyil. Cari ilin yanvarından aprelinədək miqrantlar sığınacaq üçün ən çox İspaniyaya üz tutublar. Belə ki, bu dövr ərzində krallığa 37 471 ərizə göndərilib.

Qeyd edilib ki, müraciətlərin əksəriyyəti Latın Amerikası ölkələri olan Kolumbiya və Venesueladan olub.

Populyarlığa görə 2-ci ölkə olan Almaniyaya isə daha çox suriyalı qaçqınlar üz tutublar. Miqrantlar arasında tələbatın olduğu digər ölkələr isə sırası ilə Fransa, Yunanıstan və İtaliyadır.

Bununla birlikdə, mütəxəssislər koronavirus pandemiyasından sonra miqrant axınının artacağından saqınırlar. 

Report