Əlhəzər, ondan həzər, oxutmuram əl çəkin!
Bu gün gənclər və orta nəsil arasında internet istifadəçilərinin sayının durmadan artmasını nəzərə alsaq kitab oxuyanların, mütaliə edənlərin sayının azalmasını müşahidə etmiş olarıq. Lakin buna baxmayaraq ədəbiyyatımızda elə görkəmli ədiblərimiz var ki, onların yazdıqları, toxunduqları mövzular istənilən zaman üçün öz aktuallığını qoruyub saxlaya bilmişdir. Həmin ədiblərimizin yaradıcılığı əsrlər keçsə də xalq tərəfindən sevilərək oxunacaq və nəsildən nəslə ötürüləcək. Onlardan biri də Azərbaycan satira məktəbinin atası hesab edilən, öz yaradıcılığında realizm, satira ilə yanaşı lirikaya da yer verən dahi şair Mirzə Ələkbər Sabirdir.
Eyləməyin dəngəsər, oxutmuram, əl çəkin! –
yazan, xalqının gənclərinin maariflənməsi üçün əlindən gəldiyi qədər səy göstərən şairin xarirəsini yaşatmaq, yeni oxucu nəslinin diqqətini əsərlərinə cəlb etmək üçün bu günlərdə elə onun doğulub boya başa çatdığı Şamaxı şəhərində Şamaxının millət vəkili Elxan Süleymanovun təşəbbüsü və dəstəyi ilə 9-cu dəfə Sabir yaradıcılığına həsr edilmiş qiraət müsabiqəsi keçiriləcək. Daha doğrusu hal-hazırda keçirilir və müsabiqənin möhtəşəm finalına 10 gündən az bir vaxt qalıb. Doqquz ildir ki, silsilə şəklində keçirilən bu müsabiqədə ölkəmizin önəmli ziyalı, yaradıcı nümayəndələri münsiflər heyətinin üzvü kimi iştirak edərək, iştirakçı gənclərə dəstək olurlar.
Bugünkü müsahibimiz də Sabir yaradıcılığına həsr edilmiş qiraət müsabiqəsinin münsiflər heyətinin görkəmli nümayəndələrindən biri olan filologiya elmləri doktoru, professor Asif Hacılıdır.
– Asif müəllim ilk sualım belə olacaq ki, niyə məhz Sabir yaradıcılığı. Sabir yaradıcılığına həsr edilmiş qiraət müsabiqəsi keçirmək fikri necə meydana gəldi?
– Belə bir müsabiqənin məhz Sabir yaradıcılığına həsr edilməsi bu möhtəşəm aksiyanın ideya müəllifi, təşəbbüskarı, Şamaxının millət vəkili, tanınmış ziyalımız Elxan Süleymanovun düşünülmüş və olduqca əhəmiyyətli layihələrindəndir. Mirzə Ələkbər Sabir yalnız ədəbiyyat tariximizə deyil, xalqımızın milli şüuruna, dünyagörüşünə, mədəniyyətinə dərindən təsir etmiş mütəfəkkir şairdir. Maarifçilik idealları, dünyəvilik, bərabərlik, ədalət, azadlıq, ana dili məsələləri Sabir yaradıcılığında bütövləşib sistemli ifadəsini tapıb. Bütün bunlar türkçülük, islam və müasirliyin vəhdətindən ibarət olan azərbaycançılığın təməl anlayışlarındandır. Sabir bir şair kimi də ədəbiyyatımızda realizm, xəlqilik, həyatilik, ictimailik, satira, sarkazm kimi anlamları təsbitləyən dahi sənətkarlarımızdandır. Məhz buna görə də Mirzə Ələkbər Sabir mütəfəkkir şair kimi bu gün də aktualdır və sabah da aktual olaraq qalacaq. Sabirin fəlsəfi, mənəvi, estetik idealları idealları yalnız öz dövrü üçün deyil, bütün dövrlər üçün əhəmiyyətlidir və müasir gəncliyimizin bir azərbaycanlı, müasir insan kimi formalaşması üçün bu dəyərləri əxz etməsi vacibdir. Sabirin bir sənətkar kimi poeziyamıza, ədəbiyyat tariximizə bəxş etdiyi əsərlərin həm də gənc nəsildə yüksək estetik zövqün formalaşmasında, əsl sənətə, ədəbiyyata maraqlarının artmasında böyük rolu var. Eyni zamanda, Sabir Şamaxı ədəbi mühitinin yetirməsidir. Vətən isə, bildiyimiz kimi, evdən, yurddan, mahaldan başlayır və bu baxımdan, doğma diyarın ədəbiyyatının, tarixinin öyrənilməsi gənclərin vətənpərvərlik ruhunda tərbiyəsində, vətəndaş kimi formalaşmasında böyük əhəmiyyətə malikdir. Digər tərəfdən, informasiya kanallarının bütün dünyada son dərəcə genişləndiyi, yararlı-yararsız məlumatın elektron vasitələrlə hər gün beyinlərə sirayət etdiyi bir dövrdə canlı sözə, sənətə, ədəbiyyata diqqət artmalıdır. Sabirə həsr olunmuş qiraət müsabiqəsinin keçirilməsi gənclərimizin ədəbiyyata, ana dilinə, kitaba, canlı sözə marağının artmasında mühüm bir amildir. Bütün bu və digər amilləri nəzərə alaraq belə bir möhtəşəm müsabiqənin keçirilməsi qərarına hörmətli Elxan müəllim 9 il əvvəl gəlib və bütün bu illər ərzində bu müsabiqə həm məktəblər, həm rayon səviyyəsində çox uğurla, yüzlərlə şagirdin iştirakı ilə keçirilib və çox sevindirici haldır ki, artıq 10-cu müsabiqə başlamışdır.
– Gənclər, məktəblilər arasında bu müsabiqəyə maraq sizin fikrinizcə yetərincədirmi? İndiki müasir gənclər Sabir yaradıcılığına nə qədər bələddirlər?
– Mən sualı belə cavablandırardım ki, müsabiqəyə maraq ilbəil artan xətlə güclənir. Müsabiqədə iştirak könüllüdür və heç bir inzibati resursdan istifadə olunmur. Müsabiqənin ilk mərhələsi məktəblərdə təşkil edilir və burada öz sənətinin peşəkarı və vurğunu olan müəllimlərin böyük rolu var. Şamaxı ədəbi və pedaqoji mühiti zəngin ənənələrə malikdir və bu gün də bu diyarın məktəblərində ləyaqətli müəllimlər çoxdur, onlar şagirdləri hazırlayır və məktəb mərhələsindəki müsabiqədən sonra rayon mərhələsinə təqdim edirlər. Məktəblilərin müsabiqəyə marağını aşkarlayan əsas göstəricilər budur ki, şagirdlər rəngarəng şeirlər seçir, qiraəti çox vaxt səhnələşdirilmiş ifa ilə canlandırır, xüsusi geyimlər, tarixi atributlar hazırlayır, yekun müsabiqəyə öz müəllimləri, valideynləri, sinif yoldaşları ilə birgə gəlirlər. Maraqlı bir cəhəti də deyim ki, Sabir müsabiqəsində tək azərbaycanlılar deyil, Şamaxıda yaşayan rusların (əsasən, molokanlar), digər xalqların nümayəndələri, rus dilində təhsil alanlar da qatılır. Hətta rus şagirdləri Sabirin əsərlərini həm rus, həm də Azərbaycan dilində ustalıqla ifa edirlər. Bu müsabiqə bütün bu dövr ərzində şagirdlərin Sabir yaradıcılığına, ümumən ədəbiyyata, şeirə sevgisinin və bələdliyinin dərinləşməsinə müsbət təsir etmişdir.
– Müsabiqə iştirakçıları hansı göstəricilərə əsaslanaraq seçilir?
– Müsabiqə iştirakçıları və qaliblər tam aşkarlıq şəraitində seçilir. Bu prosesdə valideynlər, müəllimlər, şagirdlər, eləcə də münsiflər birlikdə müzakirələr aparır və qərar verirlər. Bu zaman şagirdlərin tələffüz, ifa qabiliyyəti, vəzn duyumu, mətnin məzmun və poetikasını dolğun anlaması və ifada çatdıra bilməsi kimi müxtəlif amillər nəzərə alınır.
– Bilirik ki, insanda dünya görüşünün formalaşmasında, gənclərin tərbiyə olunmasında bədii ədəbiyyatın önəmi danılmazdır. Ədəbiyyata maraq və istəyin formalaşmasının təməli isə məktəb illərində qoyulur.
Asif müəllim sualım belə olacaq, Sizin fikrinizcə, məktəblərdə, ali təhsil müəssisələrində gənclərin maariflənməsi, ədəbiyyata xüsusi maraq göstərmələri üçün Azərbaycan ədəbiyyatının zəngin tarixi, görkəmli ədəbiyyat nümayəndələri yetərincə tədris olunurmu və gənclərin ədəbiyyata münasibətini necə qiymətləndirirsiniz?
– Tamamilə doğrudur, ədəbiyyat nəinki ayrılıqda insanın, bütövlükdə xalqın bir millət kimi formalaşmasında, ortaq dəyərlər ətrafında birləşməsində, yeni nəsillərin milli amallar ruhunda tərbiyə olunmasında önəmli rol oynayır. Ədəbiyyat sözü dilimizdə ədəb sözü ilə bağlanır, ədəb isə – mərifət, tərbiyə, maarif, nəzakət, ləyaqət anlamlarını ehtiva edir. Tariximizin, fəlsəfi fikrimizin, dünyagörüşümüzün bir çox qatları, anlayışları məhz ədəbiyyatda qorunub saxlanır. Ana dilimizi də yaşadan mühüm amil ədəbiyyatdır. Bu, bütün dövrlərdə belə olub və bu gün də belədir. Ədəbiyyata maraq və istəyin formalaşmasında məktəbin mühüm rolu da danılmazdır. Lakin gəlin gənclərimizin tərbiyəsində bütün məsuliyyəti məktəbin üzərinə atmayaq. Ailənin, icmanın, cəmiyyətin rolu da eyni dərəcədə vacibdir. Məktəb, ailə və icma övladlarımızın tərbiyəsində həmfikir və həmkar olmalıdır. Mən şadam ki, Sabir qiraət müsabiqəsində biz məktəb, ailə və yerli icmalar arasında bu birliyin şahidi oluruq.
Məktəblərdə və ali təhsil müəssisələrində gənclərin maariflənməsi geniş anlayışdır və bu baxımdan məktəblərin rolu xüsusilə əhəmiyyətlidir. Çünki dünyagörüşünün formalaşması, biliklərin əxz olunması və biliyi qazanma vərdişlərinin öyrənilməsi, mənəvi dəyərlərin mənimsənilməsi, bəşər mədəniyyətinə yiyələnmək, əxlaq və sosial birgəyaşayış qaydalarının, millilik və tolerantlığın aşılanması ilk növbədə məktəbdə və məktəb yaşı dövründə həm də ailədə baş verir. Lakin müasir dövrdə dünyanın hər yerində insanlar, xüsusən gənclər virtual şəbəkənin təsiri altındadır.
– Sonuncu sualım belə olacaq ki, bugünkü gəncliyin ədəbiyyat sevgisindən, mütaliə qabiliyyəti ürəyinizcədirmi? Bu sahədə nələrin hansı istiqamətdə dəyişməsini istərdiniz?
– Gənclər hər gün, bəzən hər saat qlobal internet şəbəkəsi vasitəsilə tükənməz informasiya alırlar. Bu informasiya əsasən beynəlxalq mərkəzlər tərəfindən məqsədyönlü şəkildə ötürülür və təəssüf ki, heç də həmişə milli mənafeyə və dövləti maraqlara uyğun olmur. Digər tərəfdən, şəbəkə informasiyası əsasən xaotik və simasız məlumatdır və gənclərin qavrayışında biliyə, yaradıcı və düşündürücü amilə çevrilmir. Bu proses bütün dünyada, nəhəng ölkələrdə və Qərbin aparıcı dövlətlərində də baş verir. Buna görə də milli məktəblərin və ali təhsil müəssisələrinin özü dolayısı ilə belə qlobal informasiya təzyiqi altındadır və bu proseslə tablaşmaq məcburiyyətindədir. Bizim orta və ali təhsil müəssisələrimizdə milli məzmunlu fənlər, tarix, ədəbiyyat geniş tədris olunur, görkəmli yazıçı və şairlərimizin yaradıcılığı ətraflı öyrənilir. Lakin, deməliyik ki, dövrümüzün iki reallığı bu prosesə təsir edir. Əvvələn, müasir informasiya texnologiyaları və postmodernizm dövründə ənənəvi humanitar biliklərə münasibət dəyişilib. Cəmiyyətdə praqmatiklik, mədəniyyətdə təkrarçılıq, sitatçılıq artıb. Buna görə də klassik ədəbiyyat bəzən unudulur, ya da elə bəzi yazıçı və şairlərin, tənqidçilərin özü tərəfindən kinayəyə məruz qalır. Digər tərəfdən, qlobal informasiya məkanı ilə yanaşı, həm də qlobal təhsil məkanı formalaşır. Təbii ki, bu şəraitdə universallıq artır, millilik zəifləyir, humanitar fikirdə kosmopolitizm dərinləşir, nəticə etibarilə, milli ədəbiyyata da maraq azalır. Lakin ölkəmizdə bu qlobal təsirləri tarazlayan təhsil və mədəniyyət siyasəti aparılır. Ölkə rəhbərliyi tərəfindən klassik və müasir ədəbiyyatımıza, musiqi sənətimizə, xüsusən, muğama və aşıq yaradıcılığına diqqət və qayğı, mədəniyyətimizin, incəsənətimizin, ədəbiyyatımızın ölkə və dünya səviyyəsində təbliği, qiraətin stimullaşdırılması tədbirləri buna nümunədir.
Elə bu il Nəsiminin 650 illik yubileyinin keçirilməsi haqqında Prezident sərəncamının verilməsi gənclərin ədəbiyyata marağının artmasında böyük rol oynayacaq hadisədir. Bu prosesdə ictimai təşkilatların da üzərinə böyük vəzifələr düşür. Qeyd edim ki, oktyabr ayında millət vəkili Elxan Süleymanovun rəhbərlik etdiyi Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının təşkilatçılığı ilə Şamaxı məktəbliləri arasında keçiriləcək Nəsimiyə həsr olunmuş inşa müsabiqəsi də dövlət siyasətimizə xidmət edən addımlardandır. Artıq on illik fəaliyyəti ilə böyük bir ədəbiyyatsevərlər nəsli yetişdirmiş, yüzlərlə gəncimizin qəlbini elm, sənət, maarif ziyası ilə nurlandırmış Sabir qiraət müsabiqəsi də məhz bu ali məqsədlərə yönəlmiş ümummilli əhəmiyyətli humanitar aksiyadır.
Vaxtınızı ayırıb sualları cavablandırdığınız üçün təşəkkür edirəm!
Laləzər Abbasova,
AVCİYA