Mübariz Əhmədoğlu: Arkadi Qukasyan Serj Sarkisyanın Dağlıq Qarabağ məsələsində yeni carçısı rolundadır

2013-cü ilin əvvəlində Ermənistan Prezidenti Serj Sarkisyan Dağlıq Qarabağ separatçı rejiminin keçmiş de-fakto “prezidenti ” Arkadi Qukasyanı Ermənistanın xüsusi tapşırıqlar üzrə səfiri təyin etdi. Arkadi Qukasyan intellekti ilə Dağlıq Qarabağ separatçı rejiminin bütün rəhbərlərindən seçilir…

2013-cü ilin əvvəlində Ermənistan Prezidenti Serj Sarkisyan Dağlıq Qarabağ separatçı rejiminin keçmiş de-fakto “prezidenti ” Arkadi Qukasyanı Ermənistanın xüsusi tapşırıqlar üzrə səfiri təyin etdi. Arkadi Qukasyan intellekti ilə Dağlıq Qarabağ separatçı rejiminin bütün rəhbərlərindən seçilir. Bu barədə Trend-ə Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin rəhbəri, politoloq Mübariz Əhmədoğlu deyib.

Politoloq bildirib ki, eyni zamanda, o uzun müddət danışıqlar prosesində iştirak edib, Dağlıq Qarabağ ermənilərini təmsil edib. Separatçı rejimin xarici işlər naziri işləyib: “ATƏT-in Budapeşt sammiti Dağlıq Qarabağ tənzimlənməsində dörd tərəf müəyyənləşdirmişdi; Azərbaycan və Ermənistan münaqişənin əsas tərəfləri, Dağlıq Qarabağ erməni və azərbaycanlıları isə maraqlı tərəfləri kimi qəbul edilmişdi. A.Qukasyanı normal intellektli, tərbiyəli və tənzimləmədə ermənilərin mövqeyinə bələd şəxs kimi təqdim etmək daha düzgündür “.

M.Əhmədoğlu qeyd edib ki, A.Qukasyan Ermənistanın xüsusi tapşırıqlar üzrə səlahiyyətli səfiri təyin olunduqdan sonra heç bir aktivlik nümayiş etdirmədi: “Onun Yerevanda böyük imarət tikdirməsi ilə bağlı məlumatlar nisbətən geniş yayıldı. Eləcə də ilin sonlarına yaxın S. Sərkisyanın məzuniyyətini A.Qukasyanla birlikdə keçirməsi haqqında məlumat yayıldı. Erməni mətbuatının yazdığına görə, S.Sərkisyan növbəti məzuniyyətini Seulda keçirir və indi də A.Qukasyan onun yanındadır “.

Politoloq vurğulayıb ki, A.Qukasyan Dağlıq Qarabağ və Azərbaycanın ictimaiyyət təmsilçilərinin görüşünün faydalı olması ilə bağlı bəyanat verdi: “Rəsmi Bakını Dağlıq Qarabağla dialoqa maneçilik etməkdə ittiham etdi. Dağlıq Qarabağ ermənilərinin de-fakto idarəedicilərdən narazı olması kimi başa düşülə bilən mövqe ortalığa qoydu. Bu bəyanatları S. Sərkisyanla birlikdə olmağının nəticəsi kimi qəbul etmək olar. A.Qukasyan həm intellektual, həm də təcrübəli diplomatdır. Başa düşür ki, ən azı Dağlıq Qarabağla dialoq aparmaq səlahiyyətini rəsmi Bakı Dağlıq Qarabağ azərbaycanlılarına rəsmən həvalə edə bilər “.

M.Əhmədoğlu hesab edir ki, ona görə A.Qukasyanın Dağlıq Qarabağ və Azərbaycan vətəndaş cəmiyyətlərinin təmsilçilərinin görüşü ideyasına Dağlıq Qarabağın erməni və azərbaycanlı icmalarının təmsilçilərinin görüşü kimi yanaşmaq olar. Çox böyük ehtimalla, A.Qukasyan fikrini məhz elə bu kontekstə işlədib. Eləcə də A.Qukasyana Dağlıq Qarabağın daxilindəki narazılıq da yaxşı bəllidir. Yerli ermənilər bank krediti girovundadır.

Politoloq deyib ki, Qarabağ klanının üzvü, prezident S.Sarkisyan başa düşür ki, Dağlıq Qarabağ tənzimlənməsində Ermənistan çıxılmaz vəziyyətdədir: “Dağlıq Qarabağ məsələsi Ermənistanın dövlətçiliyini bitirmək üzrədir. Ermənistanın dövlət suverenliyinə isə geridönməz zərbə vurdu. İndi Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməmiş qalması Dağlıq Qarabağı ermənisiz qoya bilər “.

M.Əhmədoğlunun fikrincə, S.Sarkisyan bu həqiqəti dərk etdiyi üçün yeni variantlar ortalığa qoyur. İl ərzində dəfələrlə DQ tənzimlənməsi üzrə mövqeyini dəyişməsi, Azərbaycanla əlaqəli fikirlərində paradoksal ziddiyyətlər və A.Qukasyanı xüsusi tapşırıqlar üzrə Ermənistanın səfiri təyin etməsi bunun sübutudur: “Hər halda Ermənistanın Dağlıq Qarabağı itirməsi şəksizdir. Dağlıq Qarabağın Azərbaycana Ermənistan və ya Rusiya vasitəsi ilə qaytarılması isə polemika xarakterli məsələdir. Amma S.Sarkisyan Rusiyanı üstələyə bilər. Sadəcə, erməni maksimallığını dəf etməsi lazımdır. Həm də indiki məqamda Dağlıq Qarabağı Azərbaycana qaytarmaqla S.Sarkisyan Rusiya ilə Azərbaycan arasında gərginlik yaratmaq niyyətinə düşə bilər “.

/Trend/