Namiq Yusifov: “Qarabağ” bizim and yerimizdir – MÜSAHİBƏ

“İnsan çalışmalıdı ki, hər gün 1 cümlə olsa belə öyrənsin”.

 

Oxu.Az-ın “Oyundan kənar” rubrikasının növbəti qonağı “Qarabağ” futbol klubunun yarımmüdafiəçisi Namiq Yusifovdur.

– Deyirlər dostunu soruş deyim kimsən, ya da yerini-yurdunu de, deyim necə insansan. Bizə futbolçu olmamışdan qabaqki Namiqi tanıt. Harda böyümüsən, harda yaşamısan?

– Mən Namiq Yusifov 08.14.1986-ci ildə Sankt-Peterburqda anadan olmuşam. Bir müddət orda yaşamışıq. Sonra qayıtmaq istəyirdik, amma Bakıya yox, Ağdama. Təəssüf ki, həmin vaxt müharibə şəraitində idik, ona görə də Bakıda qalmalı olduq.

– Uşaqlıq elə bir dövrdü ki, həyatımızın hansı hissəsini unutsaq da məhz uşaqlıq yaddan çıxmır. Sənin uşaqlığın necə keçib, harda keçib?

– Düzdü, uşaqlıq xatirələrini insan unutmur. Mənim uşaqlığım Əhmədlidə keçib. Bizim məhəllə çox geniş idi. Stadion və uşaqlar üçün hər cürə şərait var idi. Bizim də ən çox sevdiyimiz iş futbol oynamaq idi. Futbola məhəllədən başlamışam. Deyərdim ki, məhəlləsiz futbol olmur.

Futbola başlamağım isə belə oldu. Deməli, bir gün yenə də həmişəki kimi məhəllədə uşaqlarla futbol oynayırdıq. 1998-ci il idi. Məni həmişə bəyənirdilər. Belə oldu ki, Etibar adlı oğlan vardı. O mənə deyirdi ki, səni aparacam futbola və elə də oldu. Məni apardı futbola yazdırdı. İlk olaraq İslam Kərimovun yanında başladım, ondan öyrəndiyim çox şeylər oldu.

Daha sonra 2001-ci ildə “Şəfa” futbol klubu vardı – orda oynamağa başladım. Sonra “Qarabağ”da davam elədim. Bir müddət sonra isə “Neftçi”də davam elədim və sonra yenidən “Qarabağ”a qayıtdım. Artıq 7-8 il olar ki, “Qarabağ”dayam. Mənim futbolçu kimi inkişaf etməyimdə bu komandanın böyük rolu var.

– Ən yaxşı komandanın ikisində də oynamısan. “Qarabağ” ya “Neftçi”?

– Hər ikisi güclü komandadır. Onların arasında fərq qoymazdım. “Neftçi” flaqmandı, “Qarabağ” da bizim and yerimizdir. Hər iki komandada oynadığım üçün fəxr edirəm.
İstəyərdim bütün dünya bu komandanı tanısın, ən azından bilinsin ki, “Qarabağ” bizimdi.

– Yaxşı oyunçusan, amma çoxu deyir Namiq yerində sayır, nə irəli gedir, nə də geri.

– Bəlkə də kənardan belə görsənir, amma həyatda sakitəm,  meydançada isə başqayam. İkisi arasında fərq çoxdu. Meydança elə bir yerdir ki, orda hisslərini cilovlaya bilmirsən.

Oynayıram, çalışıram oyunlarımda fərqlənim, amma belə görsənirsə bəlkə də yaxşı oyunçu deyiləm (gülür).

– Bir idmançı, futbolçu yerini necə qorumalıdır?

– İdmançının yerini qorumağı dilinə sahib olmağıdır – mən belə başa düşürəm. İdmançı, futbolçu – bunlar göz önündə olan insanlardı. Davranışdan tutmuş, hər bir hərəkətimizə fikir verməliyik. Bizi hər kəs görür.

– “Qarabağ” necə komandadır?

– “Qarabağ” komandası ailədir. Bir komandada düzgünlük, doğruluq olanda orda səmimiyyət da var demək. Hətta bizim legionerlər də fərqlidir. Bizim komandaya gəlib o atmosferə düşürlər, deyərdim ki, bizə oxşamağa başlayırlar.

– Məncə sən oxumağa, elmə üstünlük verən birisən, hətta bildiyimə görə bir neçə dil bilirsən?

– Ən sevdiyim ifadə! Düzdü, insan savadlı olmalıdır. Baxmayaraq ki, biz idmanla məşğuluq və çox vaxt olmur kitab oxumağa, amma insan çalışmalıdı hər gün 1 cümlə belə öyrənsin.

İxtisasım Maliyyə Krediti üzrədir. Bir neçə dil bilirəm deyəndə ki, rus dilini mükəmməl bilirəm, ingiliscə bilirəm, ispanca öyrənirdim, amma yarıda saxladım. Lakin yenə də davam edəcəm.

– Sənin belə bir xobbin olduğunu bilirəm – son pulun olsa belə brend geyim alacaqsan, hətta maşınsız qalırsan, amma geyimlərin mütləq brend olmalıdır.

– Hər şeydən də xəbərin var (gülür). Düzdü, yaxşı geyim  markalarını sevirəm, moda ilə yaxından maraqlanıram. Əvvəllər daha çox geyimlərə üstünlük verirdim, indi bir az azalıb.

– Yaxşı, hansı stilə üstünlük verirsən?

– Geyim üslublarının əksəriyyətini sevirəm. Çox vaxt klassik-sport geyinirəm.

– Səni “Neftçi”də ya da “Xəzər-Lənkəran”da görə bilərik gələcəkdə?

– Məncə yox. Hər ikisi yaxşı komandadı, özəlliklə də “Xəzər-Lənkəran” azarkeşləri ilə həmişə seçilir.

 Futbolçu kimi azarkeşlərə olan münasibətin necədir? Səncə nəyi düz etmir azarkeşlər?

Düzdü, azarkeş önəmlidi bir komanda üçün, amma həm azarkeş futbolçuya, futbolçu da azarkeşə hörmət etməlidir. Azarkeşsiz komanda ruhsuz olur, adam meydançada həvəssiz oynayır, amma azarkeş dəstəyi olanda daha da həvəslənirsən və bilirsən ki, sənə dəstək olan  insanlar var. Amma təbii ki, söyüşlərə yol vermək lazım deyil, nə futbolçu, nə də azarkeş.

– Bu futbolçulardan kimin oyununu bəyənirsən: Rauf Əliyev, Əfran İsmayılov, Ruslan Abışov?

– Hamısı güclü, yaxşı oyunçulardı, hər birinə hörmətim var. Hər biri oyunlarında özünü göstərir.

– Qurban məllimin ən çox işlətdiyi söz?

– “Tak uşaqlar”, sonra “bir az konstrosyon olun”  bu sözləri çox işlədir (gülür).

– Ətrafında qızlar çoxdu? Qız dostların az deyil bildiyimə görə?

– Qız dostlarım var, amma əvvəl daha çox idi.  

– Futbolu bildik – bu sənin işindi, amma bundan savayı hansı işlər görürsən, ya gələcəkdə hansısa fikrin varmı?

– Təbii ki, futbol həmişə olmur, bəlli bir yaşa kimidir. Hələ  ki, oynamaq istəyirəm, amma futboldan ayrılandan sonra istəyərdim yaxşı menecer olum. Futbol dünyasında yaxşı menecer kimi inkişaf edim. Bundan başqa istəyərdim bizneslə məşğul olum, əsas da nəyinsə istehsalını istəyərəm edim, amma düzgün, keyfiyyətli şəkildə.

 

/Oxu.az/