Nazir müavini Sevinc Həsənova: «Azərbaycan iqtisadiyyatının gələcək inkişafı stimullaşdırıcı tədbirlərdən asılı olacaq»

Gələcəkdə Azərbaycan iqtisadiyyatının inkişafı ilk növbədə qeyri-neft sektorunun inkişafı ilə bağlı olacaq ki, bu da öz növbəsində müəyyən dərəcədə stimullaşdırıcı tədbirlərdən asılı olacaq…

Gələcəkdə Azərbaycan iqtisadiyyatının inkişafı ilk növbədə qeyri-neft sektorunun inkişafı ilə bağlı olacaq ki, bu da öz növbəsində müəyyən dərəcədə stimullaşdırıcı tədbirlərdən asılı olacaq.

 

«APA-Economics»in xəbər verdiyi kimi, bunu Bakıda keçirilən «Azərbaycanın vergi sistemi: Reallıqlar və perspektivlər» adlı III Vergi Forumunda çıxış edən iqtisadiyyat və sənaye nazirinin müavini Sevinc Həsənova bəyan edib.

 

Bu stimullaşdırıcı tədbirlərin əsaslarından biri də vergi güzəştlərin tətbiqi ilə bağlıdır ki, nazir müavininin sözlərinə görə, bəzi sahələrdə bu tədbirlər artıq öz müsbət təsirini göstərir. Bura kənd təsərrüfatı, qiymətli kağızlar üzrə dividendlər, bank əmanətləri üzrə faiz gəlirləri, bank, sığorta və təkrar sığorta sahəsində kapitallaşmaya yönəldilən mənfəətin vergidən azad olunması şərtləri aiddir.

 

S.Həsənova qeyd edib ki, real iqtisadiyyatda və ilk növbədə qeyri-neft sənaye sektorunda vergi güzəştlərinin tətbiq edilməsi investisiya axının artması və bir sıra digər müsbət nəticələrə səbəb olacaq. Lakin o etiraf edib ki, vergi güzəştləri siyasətinə yanaşma birmənalı deyil. Belə ki, iqtisadiyyatda əlavə dəyərin yaranması, prioritet sayılan sahələrin inkişafı kimi müsbət nəticələr olmayanda vergi güzəştlərinin tətbiqi yalnız vergi bazasının daralmasına və nəticə etibarı ilə vergi yığımlarının azalmasına səbəb olur. Bu səbəbdən S.Həsənovanın fikrincə, vergi güzəşt siyasəti tarazlı və səmərəli şəkildə aparılmalıdır.

 

Apa.az