Nazir müavini: Türkiyədə BTQ üzrə işlər vaxtında başa çatdırılacaq

“Layihədə iştirak edən ölkələrin sayı artacaq”…

“Layihədə iştirak edən ölkələrin sayı artacaq”.

Bakı-Tbilisi-Qars dəmir yolu xətti layihəsi çərçivəsində Türkiyə ərazisində aparılacaq işlər vaxtında başa çatdırılacaq.

Oxu.Az xəbər verir ki, bu barədə ADA Universitetində “Mərkəzi Avrasiyada nəqliyyatın gələcəyi” mövzusunda keçirilən konfransda Azərbaycanın nəqliyyat nazirinin müavini Musa Pənahov bildirib.

Nazir müavini Türkiyədə dəmir yolu layihəsi ilə bağlı aparılan işlərin yubanması haqqında yayılan xəbərləri təkzib edib:

“Belə söhbətlər layihənin həyata keçirilməyə başladığı ilk vaxtlardan yayılır. Demək istəyirəm ki, Türkiyədə işlər davam edir və vaxtında başa çatacaq”.

Onun sözlərinə görə, layihə çərçivəsində həm Azərbaycan, həm də Gürcüstan ərazisində kifayət qədər işlər aparılır.

“Bu nəqliyyat dəhlizi sərhəd-keçid prosedurlarının yaxşılaşdırılması, təhlükəsizlik və vaxt məsələsini həll edəcək. Bu layihədə iştirak edən ölkələrin mədəniyyətlərinin bir-birinə sirayət etməsi qaçılmazdır”.

Nazir müavini onu da əlavə edib ki, bu layihədə iştirak edən ölkələrin sayı artacaq.

www.oxu.az