Şirkət bir dəfə dövlət büdcəsindən 500 milyon manat alıb.
Gələn il SOCAR-ın nizamnamə kapitalının artırılması planlaşdırılır.
Oxu.Az xəbər verir ki, bu barədə ANS-ə müsahibəsində maliyyə naziri Samir Şərifov bildirib.
Nazirin sözlərinə görə, bununla bağlı gələn ilin dövlət büdcəsi layihəsində müvafiq xərc bəndi nəzərdə tutulub.
SOCAR-ın nizamnamə kapitalının artırılması şirkətin iştirak etdiyi strateji layihələrlə bağlıdır, deyə S.Şərifov bildirib.
Nazir ayrılacaq vəsaitin məbləğini açıqlamayıb.
Qeyd edək ki, SOCAR nizamnamə kapitalının artırılması üçün bir dəfə dövlət büdcəsindən 500 mln manat alıb. 2009-cu ilin sentyabrında isə AMB-dən illik 3%-lə 750 mln manat kredit alıb (iki illik güzəşt müddəti, sonra ildə 150 mln manat borc +faiz qaytarılacaq).