Niderlanddakı Azərbaycan və türk diasporunun nümayəndələri “Sülh çeşməsi” əməliyyatına dəstək ifadə ediblər

Niderlandda fəaliyyət göstərən Azərbaycan-Türk Mədəniyyət Dərnəyi Türkiyənin Suriya ilə sərhədboyu ərazidə təhlükəsiz bölgənin yaradılması məqsədilə həyata keçirdiyi “Sülh çeşməsi” əməliyyatına dəstək ifadə ediblər.

AZƏRTAC xəbər verir ki, bununla əlaqədar Niderlandın Lahey şəhərində təşkil olunan tədbirə bu ölkədəki Azərbaycan və Türkiyə diasporunun nümayəndələri, o cümlədən gənclər qatılıblar.

Dərnəyin sədri İlhan Aşkın Türkiyənin öz sərhədlərinin təhlükəsizliyini təmin etmək üçün bu əməliyyatı həyata keçirdiyini vurğulayıb. O, dərnəyin azərbaycanlı və türkiyəli üzvlərinin Türkiyə dövlətinə və ordusuna sarsılmaz dəstəyinin davam edəcəyini vurğulayıb.

Tədbirdə Azərbaycan və Türkiyə diasporunun nümayəndələri çıxışlarında “Sülh çeşməsi” əməliyyatının uğurla nəticələnəcəyinə və parlaq qələbələrlə zəngin olan şanlı türk tarixində özünəməxsus yer tutacağına əminliklərini bildiriblər.

AZƏRTAC