2025-ci ildə Rusiya və MDB-də 5G mobil rabitə abonentlərinin sayı 54 milyona çatacaq. Növbəti 15 ildə isə sözügedən texnologiya region ölkələrinə 34 mlrd. ABŞ dolları məbləğində gəlir gətirəcək.
“APA-Economics”in məlumatına görə, bu barədə Qlobal Mobil Sistem Kommunikasiyalar Assosiasiyasının (GSMA) keçirdiyi “Mobil iqtisadiyyat: Rusiya və MDB” adlı araşdırmada deyilir.
Ekspertlərin fikrincə, 2025-ci ilədək operatorlar mobil rabitə infrastrukturunun inkişafına 39 mlrd. dollar investisiya yatıracaq ki, bunun da 27,3 mlrd. dolları 5G texnologiyasının payına düşəcək.
Araşdırma onu da göstərib ki, 2025-ci ilədək bütün MDB ölkələri sözügedən texnologiyanı tətbiq edəcək.
Regionda 5G texnologiyasını ilk olaraq Rusiya və Belarus (2020-ci ildə), daha sonra isə Qazaxıstan (2021-ci ildə) və Azərbaycan (2022-ci ildə) tətbiq edəcək. MDB-də sözügedən texnologiyanı ən gec tətbiq edəcək ölkə isə Ukrayna göstərilir. Bu ölkə 5G-ni yalnız 2025-ci ildə istifadəyə verəcək.
Qeyd edək ki, Azərbaycanın mobil rabitə operatoru “Azercell Telekom” bu il ərzində pilot olaraq 5G şəbəkəsini qurmaq niyyətində olduğunu bildirib.
APA