Ötən il Azərbaycan dövlət büdcəsinin gəlirləri 13%, xərcləri 10% artıb

Azərbaycanın 2013-cü il dövlət büdcəsinin gəlirləri 19 494,4 mln. manat, xərcləri 19 112,6 mln. manat olub və 381,8 mln. manat məbləğində büdcə profisiti yaranıb. «APA-Economics»in xəbər verdiyi kimi, bu barədə Maliyyə Nazirliyin məlumatda deyilir…

Azərbaycanın 2013-cü il dövlət büdcəsinin gəlirləri 19 494,4 mln. manat, xərcləri 19 112,6 mln. manat olub və 381,8 mln. manat məbləğində büdcə profisiti yaranıb. «APA-Economics»in xəbər verdiyi kimi, bu barədə Maliyyə Nazirliyin məlumatda deyilir. Məlumata əsasən, 2013-cü ildə dövlət büdcəsinin mədaxili 101,8% səviyyəsində icra olunub və ümumilikdə, gəlirlər 2012-ci illə müqayisədə 12,8% artıb. Vergilər Nazirliyi mədaxil proqnozunu 104,1% icra etməklə dövlət büdcəsinə 6 664,0 mln. manat vəsait təmin edib ki, bu da əvvəlki ilə nisbətən 10,6% çoxdur. Dövlət Gömrük Komitəsi proqnoza 100,2% əməl edərək büdcəyə 1 383,2 mln. manat vəsait təmin edib ki, bu da 2012-ci illə müqayisədə 14,5% çoxdur. Ötən il sair gəlirlərdən büdcəyə 90,7 mln. manat və ya proqnoza nisbətən 3,8 dəfə çox vəsait təmin edilib. Dövlət Neft Fondundan büdcəyə 11 350,0 mln. manat transfert edilib.

Hesabat ilində dövlət büdcəsinin xərcləri 96,3% icra edilib və ümumilikdə, xərclər 2012-ci ilə nisbətən 9,7% çox olub. Dövlət büdcəsi xərclərindən 50,7%-i və ya 9 688,1 mln. manatı cari xərclərə, 45,5%-i və ya 8 696,3 mln. manatı əsaslı xərclərə, o cümlədən dövlət əsaslı vəsait qoyuluşu xərclərinə 6 915,0 mln. manatı, 3,8%-i və ya 728,2 mln. manatı dövlət borcuna xidmətlə bağlı xərclərə yönəldilib.

 

Ötən il dövlət büdcəsi xərclərinin 32,6%-i və ya 6 239,0 mln. manatı sosial təyinatlı xərclərin maliyyələşdirilməsinə yönəldilib ki, bu da 2012-ci illə müqayisədə və ya 10,6% çoxdur.

 

Qeyd edək ki, 2013-cü ildə icmal büdcənin gəlirləri 22 919,3 mln. manat (icra – 110,6%) təşkil edib, bu isə 2012-ci illə müqayisədə 2,6%, xərcləri isə 2012-ci ilə nisbətən 8,9% artaraq 21 857,0 mln. manata çatıb (icra – 89,2%). /APA/