Özünüməşğulluq proqramına cəlb olunanlara aktivlərin təqdim edilməsi prosesi, həmçinin verilən aktivlərin keyfiyyəti ilə yerindəcə tanış olmaları məqsədilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyitərəfindən onlar üçün Sumqayıt şəhərinə və Xaçmaz rayonuna mediatur təşkil olunub.
“Report” xəbər verir ki, mediaturda 20-dək KİV nümayəndəsi iştirak edib.
Mətbuat nümayəndələrinə özünüməşğulluq proqramının icrası işləri barədə məlumat verilib. Bildirilib ki, aztəminatlı ailələrin kiçik biznesə çıxışına və ailə gəlirlərini artırmalarına imkan yaradan özünüməşğulluq proqramının ildən-ilə xeyli genişləndirilməsi təmin edilir. 2018-ci ildə əvvəlki illə müqayisədə 6 dəfədən çox olmaqla 7 mindən artıq insanın cəlb edildiyi bu proqramın cari ildə 10 minədək insanı əhatə etməsi nəzərdə tutulub. Cari ilin ötən dövründə artıq 3500-dən çox şəxsə özünüməşğulluq proqramı çərçivəsində aktivlər verilib və onlar verilmiş aktivlər hesabına kiçik ailə təsərrütaflarını qurublar. Proqramın icrasında əliliyi olan şəxslərə, şəhid ailələri üzvlərinə, məcburi köçkünlərə, aztəminatlı ailələrin və digər həssas qrupların, tərkibində sağlamlıq imkanları məhdud uşaqlar olan ailələrin, çoxuşaqlı ailələrin üzvlərinə və digər həsas qruplardan olanlara üstünlük verilir.
Özünüməşğulluq proqramının icrası və proqrama cəlb edilənlər, onların aktivlərlə təminatı barədə bütün məlumatların ictimai açıqlığı da təmin edilib və qeyd edilən sahədə güclü ictimai nəzarətə şərait yaradılıb. Bu məqsədlə proqramın iştirakçıları və onların aktivlərlə təminatına dair bütün məlumatlar nazirliyin saytı sosial.gov.az və e-sosial.az internet portalında yerləşdirilib. Bu məlumatlara proqram iştirakçılarına aktivlərin təqdim edilməsi zamanı onların razılığı və iştirakı ilə çəkilmiş, aktivlərin keyfiyyətini də əks etdirən video və fotomateriallar aiddir.
Mediatur iştirakçıları Sumqayıt şəhərində proqrama cəlb edilmiş Mirkamil Heydərova verilmiş oyun aparatlarının və Aytən Məmmədovaya dərzilik üçün verilmiş müvafiq ləvazimatların keyfiyyətini nəzərdən keçiriblər. Sonra isə daha bir Sumqayıt sakininin, Qarabağ müharibəsi əlili Əli Nəbiyevə proqram çərçivəsində verilmiş aktivlərlin (mebel sexi üçün materiallar) keyfiyyətinə və onun iş prosesinə baxış olub. Hər üç proqram iştirakçısı verilən aktivlərdən razı qaldıqlarını bildiriblər.
KİV əməkdaşları mediatur çərçivəsində daha sonra Xaçmaz rayonunda olublar. Onlar Xaçmaz rayonunun Sabiroba kəndinin sakini –ikinci qrup əlilliyi olan şəxs Firuz Əsgərova kiçik heyvandarlıq təsərrüfatlarını qurmaları üçün iribuynuzlu mal-qaranın, həmçinin mal-qara üçün yem ehtiyatının təqdim edilməsi prosesində iştirak ediblər. Mal-qara verilərkən onların sağlamlığına dair baytar arayışı da təqdim edilib. Sonra isə Bayoba kəndinin sakini Pənah Arzumanova proqram çərçivəsində verilmiş aktivlərə (iribuynuzlu mal-qara) baxış keçirilib. F.Əsgərov və P.Arzumanov da verilmiş heyvanlardan razı qaldıqlarını qeyd ediblər.
Proqram iştirakçıları KİV nümayəndələri ilə söhbətdə dövlətin bu dəstəyindən razılıqla bəhs edərək, dövlət başçısına minnətdarlıqlarını bildiriblər. Onlar yaradılan bu imkandan maksimum faydalanacaqlarını, verilmiş aktivlər hesabına yaradılmış kiçik ailə təsərüfatlarını gələcəkdə genişləndirmək üçün səylə çalışacaqlarını vurğulayıblar.
Report