İslamabad 22 fevral (AzərTAc). Pakistanda diplomatik dairələrdə geniş oxucu auditoriyasına malik olan ingilisdilli “Diplomatik Star” jurnalında Pakistan Müdafiə Universitetinin tədqiqatçı-alimi İffat Pərvizin “Xocalı: Azərbaycanlıların amansız soyqırımı” adlı məqaləsi dərc olunmuşdur…
İslamabad 22 fevral (AzərTAc). Pakistanda diplomatik dairələrdə geniş oxucu auditoriyasına malik olan ingilisdilli “Diplomatik Star” jurnalında Pakistan Müdafiə Universitetinin tədqiqatçı-alimi İffat Pərvizin “Xocalı: Azərbaycanlıların amansız soyqırımı” adlı məqaləsi dərc olunmuşdur.
Materialda Azərbaycanın Xocalı şəhərində ermənilər tərəfindən mülki əhaliyə qarşı törədilən vəhşiliklərin bəşər tarixində analoqu olmadığı bildirilmişdir. Qeyd edilmişdir ki, Ağdam–Şuşa-Xankəndi-Əsgəran yolunun üzərində yerləşən, strateji əhəmiyyətə malik Xocalı şəhərində ermənilər tərəfindən törədilmiş soyqırımı əvvəlcədən düşünülmüş və hazırlanmış bir hərbi aksiya olmuşdur.
Məqalədə bildirilmişdir ki, 22 il bundan əvvəl fevralın 25-dən 26-a keçən gecə keçmiş sovet ordusunun 366-cı motoatıcı alayının hərbi texnikası və şəxsi heyətinin bilavasitə iştirakı ilə ermənilər Xocalıya genişmiqyaslı hücuma keçmiş, uşaqlar, qocalar, qadınlar da daxil olmaqla 613 nəfər günahsız mülki insan xüsusi qəddarlıqla öldürülmüş, minlərlə insan yaralanmış, əsir götürülmüş və ya itkin düşmüşdür.
Müəllif materialda bildirmişdir ki, hücum zamanı Xocalı sakinləri şəhərin şərq və şimal istiqamətlərindən Əsgəran istiqamətinə qaçmağa başlamış, 300 nəfərə yaxın insan isə evlərdə qalmış və onların bir çoxu erməni silahlıları tərəfindən qətlə yetirilmişlər. Şaxtalı hava şəraitində uzun yol qət etmiş xocalılar Əsgəran-Naxçivanik arasında yerləşən əraziyə çatmağa müvəffəq olmuş, lakin orada mühasirəyə düşərək erməni silahlıları tərəfindən xüsusi amansızlıqla qətlə yetirilmişlər. Yalnız martın 1-də yerli və xarici jurnalistlər qırğının törədildiyi əraziyə girməyə müvəffəq olmuş və insanların meyitlərinin təhqir edilməsi faktları haqqında dünya ictimaiyyətinə geniş məlumat vermişlər. Materialda, eyni zamanda, Xocalının çoxsaylı sakininin girov götürüldüyü və onlara amansız işgəncələr verildiyi qeyd olunmuşdur.
Məqalədə bildirilir ki, azərbaycanlı jurnalist Çingiz Mustafayev Ağdam istiqamətinə gedən yollarda, dağda amansızlıqla qətlə yetirilmiş insanları-qocaları, qadınları, uşaqları lentə almışdır. Onunla birlikdə hadisə yerinə gedən rus jurnalisti Yuri Romanov bu haqda xatirələrində yazır: “Mülki sakinlərin meyitlərinin səpələndiyi sahədə göy gödəkcəli körpə qız və üzü üstündə uzanmış ağsaçlı qoca qadın mənim diqqətimi cəlb etdi. Hər ikisi güllə ilə alnından vurulmuşdu, uşağın əlləri və ayaqları tikanlı məftillə bağlanmış, qoca nənəsinə sarınmışdır”. Materialda deyilir ki, bu dəhşətli səhnəni görən Y.Romanov şoka düşərək öz kamerasının mövcudluğunu bir anlığa yaddan çıxarmışdır.
Materialda Human Rights Watch beynəlxalq təşkilatın Xocalıda baş vermiş qətliamı “Münaqişənin ən böyük qırğını” adlandırdığı, Moskvadakı Memorial insan hüquqları qrupunu isə erməni hərbçilərin Xocalıda törətdikləri vəhşiliklərin beynəlxalq insan hüquqları Konvensiyasına zidd olduğunu bildirməsi qeyd edilmişdir.
Məqalədə deyilir ki, Pakistan Senatı 2012-ci il fevralın 1-də Xocalı soyqırımını tanımış və bu cinayəti törədənlərin məsuliyyətə cəlb olunmasını tələb etmişdir. Müəllif vurğulamışdır ki, Meksika, Rumıniya, Kolumbiya, Çexiya, ABŞ-ın bir sıra ştatları, Kanadanın Alberta ştatı, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı Xocalı soyqırımına siyasi qiymət vermiş, həmçinin bu məsələ bir sıra dövlətlərin parlamentlərində qəti şəkildə pislənilmişdir.
/Azertac/