“Prezidentlərin görüşməyə razılaşması artıq böyük nailiyyətdir”.
Azərbaycan və Ermənistan prezidentləri Parisdə danışıqlar aparmağa razılıq veriblər.
Oxu.Az xəbər verir ki, bu barədə haqqin.az-a Fransanın Azərbaycandakı səfiri Paskal Monye bildirib.
Onun sözlərinə görə, bu görüş oktyabr ayının ikinci yarısında Fransa prezidenti Fransua Ollandın vasitəçiliyi ilə Fransada keçiriləcək.
Səfir həmçinin qeyd edib ki, görüş zamanı Dağlıq Qarabağ münaqişəsinin həlli yolları və sülh şəaritində problemlər müzakirə ediləcək. O, qeyd edib ki, bu görüş prezidentlərin Uels görüşündən sonra mühüm məna kəsb edəcək.
“Fransa ATƏT-in Minsk qrupunun həmsədr ölkəsi kimi bu münaqişənin həlli üçün hər şey edir və hesab edir ki, bu münaqişənin həllinin vaxtı çoxdan gəlib”, – o deyib.
Ollandın vasitəçi missiyasının sonu Jak Şirakın missiyasının sonu ilə eyni ola bilərmi? sualına cavab verən, səfir qeyd edib ki, münaqişənin həlli prezidentlərdən asılıdır, bizim vəzifəmiz onlara yardım etməkdir.
“Prezidentlərin bu görüşə razılıq vermələri artıq böyük nailiyyətdir. Əsas məqsəd tərəflərin danışıqlarda uğur əldə etməyin yollarını axtarmaq üçün görüşmələri və bu problemin aradan qaldırılması üçün qarşılıqlı əlverişli həlli tapmaqdır”, – o deyib.