Prezident İlham Əliyev: Humanitar əməkdaşlıq Azərbaycan-Tacikistan münasibətlərinin əsasını təşkil edir

Azərbaycan və Tacikistanın əməkdaşlığı iki ölkə xalqlarının ümumi tarixinə, çoxəsrlik dostluğuna söykənir…

Azərbaycan və Tacikistanın əməkdaşlığı iki ölkə xalqlarının ümumi tarixinə, çoxəsrlik dostluğuna söykənir. Trend xəbər verir ki, bunu Prezident İlham Əliyev oktyabrın 16-da Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmon tərəfindən Azərbaycan Prezidentinin şərəfinə verilən rəsmi ziyafətdə çıxışı zamanı deyib.

Dövlət başçısı bildrib: “Mənim rəsmi səfərim sona yaxınlaşır. Hörmətli Emoməli Şərifoviç, qonaqpərvərliyə görə Sizə bir daha təşəkkürümü bildirmək istərdim. Sizin gözəl torpağınıza qədəm qoyduğumuz ilk andan biz özümüzü evimizdə olduğu kimi hiss edirik. Bugünkü gün çox zəngin və məhsuldar oldu. Siz qeyd etdiyiniz kimi, biz Sizinlə birlikdə münasibətlərimizin geniş gündəliyini müzakirə etdik. Ətrafımızda baş verən hadisələri çox obyektiv təhlil etdik, qarşılıqlı maraq doğuran bir sıra məsələlərə dair olduqca səmimi fikir mübadiləsi apardıq. İşimizin başlıca nəticəsi ondan ibarətdir ki, biz münasibətlərimizin konkret inkişaf yollarını müəyyən etdik “.

Azərbaycan Prezidenti qeyd edib ki, iki ölkənin çox gözəl siyasi münasibətləri var, beynəlxalq qurumlarda fəal əməkdaşlıq edir, bütün prinsipial məsələlərdə bir-birini dəstəkləyir: “Bununla bərabər, əlbəttə, iqtisadi sahədə də işləri fəallaşdırmalıyıq və hökumətlərarası komissiyanın işi çərçivəsində qəbul edilmiş qərarlar tezliklə öz müsbət nəticəsini verəcək. Bizim əməkdaşlığımız xalqlarımızın ümumi tarixinə, çoxəsrlik dostluğuna söykənir. Bu gün bizim ölkələrimiz iki müstəqil dövlətdir, beynəlxalq birliyin fəal üzvləridir, öz müstəqil siyasəti, xarici siyasəti olan, regional təhlükəsizliyin möhkəmlənməsi üçün fəal iş aparan ölkələrdir. Düşünürəm ki, Mərkəzi Asiya, Xəzər, Qafqaz regionları arasında əməkdaşlıq da çox cəhətdən bizim ölkələrin qarşılıqlı fəaliyyətindən, səylərimizin sıx əlaqələndirilməsindən asılı olacaq. Çünki bizim hamımızın bir məqsədi var – insanlarımızın, vətəndaşlarımızın həyatını daha da yaxşılaşdırmaq, ölkələrimizin müstəqilliyini, beynəlxalq mövqelərini möhkəmləndirmək. Biz beynəlxalq həyatın mühüm məsələlərini çox səmimi şəraitdə müzakirə etdik, baxışlarımız üst-üstə düşür. Biz konstruktiv əməkdaşlığa istiqamətlənmişik. Biz əməkdaşlıq, dialoq, qarşılıqlı kömək yolu ilə daha çox nailiyyətlər qazana bilərik. İkitərəfli münasibətlərimizdə həll edilməmiş heç bir məsələ yoxdur. Əksinə, yeni layihələrə qoşulmaq, müxtəlif sahələrdə səylərimizi, potensialımızı birləşdirmək istəyi var “.

İlham Əliyevin sözlərinə görə, humanitar əməkdaşlıq Azərbaycan-Tacikistan münasibətlərinin əsasını təşkil edir: “Mən bu gün Tacikistan Milli Universitetində tələbələrə, professor-müəllim heyətinə müraciət edəndə də humanitar əməkdaşlığın vacib olmasından danışdım. Bizim bu istiqamətdə böyük potensialımız var. Eyni zamanda, biz çalışırıq ki, ölkələrimizin gənc nəsli də bizim kimi möhkəm dostluq etsin. Əminəm ki, nümayəndə heyətinin üzvləri və nazirlər də prezidentlərdən, bizim bir-birimizə münasibətimizdən, bir-birimizə hörmətimiz və dostluğumuzdan nümunə götürəcəklər. Emoməli Şərifoviç ilə bütün beynəlxalq tədbirlərdə görüşlərimiz müntəzəm xarakter daşıyır. Bu il bir neçə dəfə görüşmüşük. Hər dəfə görüşəndə həmişə bir-birimizə qardaşlar kimi müraciət edirik. Bu isə münasibətlərimizə, həmçinin öz iş yerində – istər hökumətdə, istər parlamentdə, istərsə də ictimai strukturlarda mühüm məsələləri həll edənlərin hamısına çox yaxşı impuls verir.

Mən səfərin nəticələrindən çox məmnunam. İmzalanmış Bəyannamə münasibətlərimizin gələcək inkişafını müəyyən edəcək çox mühüm siyasi sənəddir. Başqa sənədlər də çox vacibdir. Biz gələcəyə nikbin baxırıq.

Hörmətli Prezident Emoməli Şərifoviç, fürsətdən istifadə edərək, Sizin üçün münasib olan istənilən vaxtda Sizi Azərbaycana səfərə dəvət etmək istərdim “.

Ziyafətdə çıxış edən Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmon qeyd edib ki, ölkəsinin konseptual yanaşmaları Tacikistan-Azərbaycan münasibətlərinin daha dinamik və ardıcıl inkişafına şərait yaradır:

“Mənim dostum, Azərbaycan Respublikasının Prezidenti möhtərəm İlham Heydər oğlu Əliyevi və qardaş Azərbaycanın nüfuzlu nümayəndə heyətini bir daha salamlamaqdan çox məmnunam.
Hörmətli İlham Heydər oğlunun səfəri çərçivəsində biz məzmunlu və konstruktiv söhbət etdik. Bu söhbətin gedişində qarşılıqlı əlaqələrimizi daha yüksək səviyyəyə çatdırmaq yollarını araşdırdıq. Azərbaycan Respublikası bizim dövlətimizin beynəlxalq əlaqələrinin strukturunda mühüm yer tutur. Ölkələrimizin beynəlxalq və regional xarakterli bir sıra məsələlərə dair mövqelərinin üst-üstə düşməsi, beynəlxalq və regional təşkilatlarda həm Azərbaycanın, həm də Tacikistanın konseptual yanaşmaları Tacikistan-Azərbaycan münasibətlərinin daha dinamik və ardıcıl inkişafına şərait yaradır “.

E.Rəhmon bildirib ki, Tacikistan-Azərbaycan münasibətlərinin ən yeni tarixi ölkələrimizin seçdiyi, xoş niyyətlərə və faydalı tərəfdaşlıq prinsiplərinə əsaslanan uzunmüddətli və səmərəli qarşılıqlı fəaliyyət xəttinin düzgün olmasını sübut edib: “Bu gün biz bir sıra mühüm sənədlər imzalamaqla mövcud müqavilə-hüquq bazasını möhkəmlətdik və beləliklə, daha sıx əməkdaşlıq əzmində və qətiyyətində olduğumuzu bir daha ifadə etdik. Mən, həmçinin ümidvar olduğumu bildirmək istəyirəm ki, biz öz mədəni-tarixi köklərimizə söykənməklə, birgə səylərimizlə dost xalqlarımızın rifahı naminə nəzərdə tutulan hədəflərə, qarşılıqlı faydalı əməkdaşlığa nail ola biləcəyik “

 

/Trend/