Putin Azərbaycanı “yeni SSRİ “yə çağırdı – Rəsmi dəvət

 Rusiya mayın 29-da Astanada təsis edilmiş Avrasiya İqtisadi İttifaqına qoşulmaq üçün Azərbaycana rəsmi dəvət göndərib…

Rusiya mayın 29-da Astanada təsis edilmiş Avrasiya İqtisadi İttifaqına qoşulmaq üçün Azərbaycana rəsmi dəvət göndərib.

Bu barədə Rusiya və Belarus KİV-i məlumat yayıb.

5min.by portalının və digər informasiya resurslarının yaydığı xəbərə görə, Belarus prezidenti Aleksandr Lukaşenko iyunun 9-da serb jurnalistlərlə görüşündə Avrasiya İqtisadi İttifaqının dünya arenasında yeni “güc mərkəzi”inə çevriləcəyini deyib.

A.Lukaşenkonun sözlərinə görə, Avrasiya İttifaqına bir çox ölkə maraq göstərir. Məsələn, Çin, Vyetnam və Hindistan artıq yeni təsis olunmuş ittifaqla təmasa girməyə hazır olduğunu bildirib.

Ukraynaya gəldikdə isə Belarus liderinin mövqeyinə görə, bu ölkə Avrasiya İttifaqı ilə əməkdaşlıqdan heç yana qaça bilməcəyək.

“Və bu da düzgündür. Çünki yeni güc mərkəzi meydana çıxır. Ola bilsin çoxqütblü dünyanın yaranmasına əlavə töhfə olacaq” – deyə Lukaşenko bildirib.

Xəbərdə xatırladılır ki, gələcəkdə Avrasiya İttifaqına Ermənistan və Qırğızıstan da üzv olmağa hazırlaşır. Həmçinin ittifaqa daxil olmaq üçün Azərbaycana da rəsmi səviyyədə dəvət göndərilib.

Azərbaycanın Avrasiya İttifaqına daxil olması üçün Rusiyadan rəsmi dəvət aldğına dair qeydə epochtimes.ru portalı da yer verir.

Xatırladaq ki, Azərbaycan Avrasiya İttifaqına üzv olmaq niyyətində olmadığını müxtəlif səviyyələrdə bir neçə dəfə bildirib. Sonuncu dəfə bu məsələ Rusiyanın iqtisadi inkişaf naziri Aleksey Ulyukayevin Bakıya səfəri zamanı, ötən həftə gündəmə gəldi.

Rusiyalı nazir Azərbaycanın bu ittifaqa daxil ola biləcəyini bildirdi. Dərhal da Azərbaycan rəsmiləri Bakının belə planının olmadığını açıqladılar.

Ancaq məlum olur ki, ittifaqa daxil olmaq üçün Azərbaycana rəsmi dəvət hər halda göndərilib. Bu məsələnin Rusiya xarici işlər naziri Sergey Lavrovun Bakıya iyunun 17-də başlayacaq səfərində və daha sonra Rusiya baş nazirinin müavini Dmitri Roqozinin səfərində əsas müzakirə mövzusu olacağı gözlənilir.

/Avropa.info/