Noyabrın 7-də Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun və “İgidliyə görə” medalı ilə təltif edilmiş şəhid baş leytenant Fərid Əhmədovun anım mərasimi keçirilib.
Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin (BŞGİBİ) təşkilatçılığı ilə keçirilən anım mərasimində gənclər, idmançılar, veteran döyüşçülər Fəxri xiyabana gələrək şəhidlərimizin məzarını ziyarət ediblər. Vətənimizin azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərin xatirələri yad edilib, məzarları üstünə gül dəstələri düzülüb.
BŞGİBİ-dən AZƏRTAC-a bildiriblər ki, tədbirdə Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçmiş qəhrəman Vətən övladlarının xatirəsi yad olunub, dövlət himni səsləndirilib.
Baş İdarənin rəisi Raqif Abbasov çıxış edərək Mübariz İbrahimovun və Fərid Əhmədovun qəhrəmanlıqlarından danışıb, onların qısa, lakin şərəfli ömür yollarının hər bir azərbaycanlıya örnək olduğunu vurğulayıb.
Sonra ictimaiyyətin nümayəndələri, veteranlar qəhrəmanlarımızın şərəfli döyüş yolu barədə məlumat veriblər. Çıxışlarda qeyd olunub ki, Mübariz İbrahimov və Fərid Əhmədov igidlikləri və ölümün gözünə dik baxmaları ilə Azərbaycan Ordusunun, əsgərinin hərbi qüdrətini, gənclərimizin qələbə əzmini və vətənpərvərliyini düşmənə göstərdilər. Bu gün Azərbaycan gəncləri Ali Baş Komandanın əmri ilə torpaqlarımızı işğaldan azad etməyə hər an hazırdırlar. Regionun ən qüdrətli ordusu olan Azərbaycan Silahlı Qüvvələri torpaqlarımızı düşmən tapdağından azad etmək üçün Ali Baş Komandanın əmrini gözləyir.
Şəhid Fərid Əhmədovun anası Nərgiz xanım tədbirin təşkilatçılarına minnətdarlığını bildirib.