“Qarabağ Azərbaycandır!” Münaqişənin həlli, perspektivləri” mövzusunda dəyirmi masa keçirilib

Bu gün Yeni Azərbaycan Partiyasının İcra Katibliyində “Qarabağ Azərbaycandır!” Münaqişənin həlli, perspektivləri” mövzusunda dəyirmi masa keçirilib. 

APA-nın xəbərinə görə, tədbirdə YAP sədrinin müavini-icra katibi Əli Əhmədov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri, YAP icra katibinin müavini Mübariz Qurbanlı, Milli Məclisin İctimai birliklər komitəsinin sədri, YAP icra katibinin müavini Siyavuş Novruzov, Dağlıq Qarabağın Azərbaycanlı icmasının sədri Tural Gəncəliyev, Sosial Tədqiqatlar Mərkəzinin sədri Zahid Oruc, Milli Məclisin deputatları, media nümayəndələri iştirak edib. Tədbiri giriş sözü ilə açan Əli Əhmədov bildirib ki, Prezident İlham Əliyevin “Valday” beynəlxalq diskussiya klubunda səsləndirdiyi “Qarabağ Azərbaycandır və nida işarəsi” bəyanatı Azərbaycanda milli ideyanın formalaşması səviyyəsinə qalxmaqdadır: “Ölkə başçısı Soçidə bu bəyanatı səsləndirməklə bir çox ünvana ciddi mesajlar göndərib: “Bunun birincisi, Ermənistan cəmiyyəti, rəhbərliyidir. İkincisi beynəlxalq təşkilatlardır ki, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması ilə əlaqədar vasitəçilik missiyasını üzərilərinə götürüb. Bu ünvanlardan digəri də Azərbaycan cəmiyyətidir. Azərbaycan cəmiyyətinə çatdırılan mesajın mahiyyəti milli ruhun yüksəldilməsindən ibarətdir. Eyni zamanda bütün cəmiyyətin birliyini təmin edən ideyanın formalaşması məqsədi güdülüb. Hesab edirəm ki, münaqişə nizama salınana qədər Azərbaycan cəmiyyətində əsas birləşdirici ideya “Qarabağ Azərbaycandır!” ideyası olmalıdır. Biz bu ideyanın genişlənməsini istəyərək bir sıra addımlar atmışıq. YAP olaraq BNA ilə birlikdə yollarda “Qarabağ Azərbaycandır!” şüarı qoymuşuq və digər yerlərdə də qoyulmasını planlaşdırmışıq”. 

Ana Vətən Partiyasının sədri, Milli Məclisin deputatı Fəzail Ağamalı deyib ki, bütün Azərbaycan cəmiyyəti “Qarabağ Azərbaycandır!” hərəkatı ətrafında birləşməlidir. 

APA