AZƏRTAC xəbər verir ki, Sərəncama əsasən, Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün mənzillərin alınması məqsədilə ölkə başçısının 2019-cu il 15 yanvar tarixli 890 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində digər layihələr üzrə dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.18.3-cü yarımbəndində göstərilən vəsaitin 35 milyon manatı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə ayrılıb.
Sərəncamda əhalinin sosial müdafiəsinin yaxşılaşdırılmasının ölkədə həyata keçirilən sosialyönümlü siyasətin əsas istiqamətlərindən biri olduğu qeyd edilir. Bildirilir ki, son illərdə ölkəmizdə əhalinin, xüsusilə Qarabağ müharibəsi əlillərinin və şəhid ailələrinin sosial müdafiəsinin daha da gücləndirilməsi, bu qəbildən olan insanların sağlamlıq, reabilitasiya və yaşayış şəraitinin yaxşılaşdırılması üçün mühüm tədbirlər həyata keçirilib və bu istiqamətdə işlər uğurla davam etdirilir. Belə ki, 1997–2018-ci illər ərzində dövlət Qarabağ müharibəsi əlillərinə və şəhid ailələrinə 6500-dən çox mənzil verib.