Qaradağlı faciəsinin 22-ci ildönümü qeyd olunmuşdur

Beyləqan rayonu ərazisində xocavəndli məcburi köçkünlər üçün salınmış Xocavənd qəsəbəsindəki Bayraq meydanında Qaradağlı faciəsinin 22-ci ildönümü ilə bağlı anım mərasimi keçirilmişdir…

Beyləqan rayonu ərazisində xocavəndli məcburi köçkünlər üçün salınmış Xocavənd qəsəbəsindəki Bayraq meydanında Qaradağlı faciəsinin 22-ci ildönümü ilə bağlı anım mərasimi keçirilmişdir.

AzərTAc xəbər verir ki, mərasimdə çıxış edənlər ermənilərin Azərbaycan xalqının başına gətirdiyi fəlakətlərdən və Qaradağlıda apardıqları etnik təmizləmə siyasətindən danışmış, buna rəvac verənləri lənətləmişlər. Məlumat verilmişdir ki, 1992-ci il fevralın 17-də Xocavənd rayonunun Qaradağlı kəndi erməni silahlı qüvvələri və Xankəndidəki keçmiş sovet hərbi hissəsinin bölmələri tərəfindən mühasirəyə alınaraq yerlə-yeksan edilmiş, dinc əhaliyə xüsusi qəddarlıqla divan tutulmuşdur. Kənddə 200 ev, mədəniyyət evi, orta məktəb binası, xəstəxana binası və digər obyektlər dağıdılmış, 118 sakin əsir götürülmüş, 33 nəfər güllələnmişdir. Erməni cəlladlar yaralıları təsərrüfat quyusuna dolduraraq diri-diri torpaqlamışlar. Qaradağlı kəndində 91 nəfər qətlə yetirilmiş, 800 nəfərə yaxın sakin məcburi köçkün düşmüşdür.

Xocavəndlilər Ermənistanın ölkəmizə qarşı apardığı işğalçılıq siyasətini qətiyyətlə pisləmiş, Prezident İlham Əliyevin rəhbərliyi ilə işğal altında olan torpaqlarımızı azad etməyə hazır olduqlarını bildirmişlər.

Mərasimdə “Qaradağlı: mübarizə” sənədli filminin təqdimatı keçirilmiş, ədəbi-bədii kompozisiya nümayiş etdirilmiş, havaya üzərində Qaradağlı şəhidlərinin adları yazılmış 91 şar buraxılmışdır.

Sonda Xocavənd rayonundan olan məcburi köçkünlər adından beynəlxalq təşkilatlara müraciət ünvanlanmışdır.

/Azertac/