Qondarma rejimin ombudsmanı: Dağlıq Qarabağda işsizlik və yoxsulluğun səviyyəsi artır

Qondarma Dağlıq Qarabağ rejiminin ombudsmanı Artak Beqlaryan Ermənistan parlamentindəki çıxışında bildirib ki, Azərbaycanın işğal olunmuş ərazilərində yaradılan bu qanunsuz “respublika” dünya ictimaiyyətindən tamamilə təcrid olunub. Onun sözlərinə görə, rəsmi Bakının beynəlxalq hüquq normaları çərçivəsində beynəlxalq məhkəmələrə müraciətindən çəkinən dünyanın nüfuzlu iş adamları və şirkətləri qondarma “respublika”nın iqtisadiyyatına sərmayə yatırmaqdan imtina edirlər və bunun nəticəsində işsizliyin və yoxsulluğun səviyyəsi getdikcə artır.

AZƏRTAC erməni KİV-nə istinadla xəbər verir ki, Azərbaycanın ayrılmaz hissəsi olan Dağlıq Qarabağdakı doğma ev-eşiklərindən məhrum olmuş və məcburi köçkün vəziyyətində yaşayan azərbaycanlıların hüquqlarını pozan ermənilərin insan haqları təmsilçisi iddia edib ki, rəsmi Bakının təzyiqi nəticəsində qondarma “respublika”da insan hüquqları pozulur. “Çoxsaylı beynəlxalq strukturlar Qarabağda layihələr həyata keçirməkdən imtina edirlər, onların əsas arqumenti “respublika”nın tanınmaması və Azərbaycanın reaksiyasıdır”, -deyə Beqlaryan gileylənib. Qondarma rejimin ombudsmanı əlavə edib ki, Dağlıq Qarabağdakı ermənilərin təhsil aldıqları ali məktəblərin diplomları tanınmır, onlar müxtəlif beynəlxalq layihələrdə iştirak etmək və xaricdə müalicə olunmaq imkanlarından məhrumdurlar.

İşğalçı rejimin nümayəndəsinin sözlərinə görə, Dağlıq Qarabağda biznes fəaliyyəti ilə məşğul olan erməni mənşəli əcnəbilər də Azərbaycanın hüquqi platformada həyata keçirdiyi tədbirlər nəticəsində bu ərazini tərk edirlər. Beqlaryan bildirib ki, bütün bu amillərin nəticəsində qondarma “respublika”da sosial-iqtisadi vəziyyət daha da ağırlaşıb.

AZƏRTAC