Ramiz Mehdiyev: Bəzən parlamentlər, hökumətlər və bəzi beynəlxalq təşkilatlar Xocalı faciəsinə göz yumurlar

Ermənistan Prezidenti Serj Sarkisyan və ətrafının Xocalıda bəşəriyyət əleyhinə cinayətləri yeganə fakt deyil…

Ermənistan Prezidenti Serj Sarkisyan və ətrafının Xocalıda bəşəriyyət əleyhinə cinayətləri yeganə fakt deyil. Xocalı soyqırımı kimi Azərbaycanın Xankəndi şəhərinin Kərkicahan, Əsgəran rayonunun Meşəli, Xocavənd rayonunun Qaradağlı, Qazax rayonunun Boğanis-Ayrım və s. kəndlərinin əhalisinin xüsusi amansızlıqla yer üzündən silinməsi faktları vardır. Trend-in məlumatına görə, bu barədə Azərbaycan Prezidenti Administrasiyasının rəhbəri Ramiz Mehdiyev şəxsi “Facebook ” səhifəsində yazıb.

R.Mehdiyev qeyd edib ki, lakin Xocalı faciəsi erməni xalqının siyasi rəhbərlərinin və erməni kilsəsinin Azərbaycan xalqına qarşı təxminən iki yüz il ərzində yürütdüyü etnik təmizləmə və soyqırımı siyasətinin ən dəhşətli simvolu oldu: “Məhz 1992-ci ildə Xocalıda dinc azərbaycanlı əhalinin məruz qaldığı soyqırımı hazırkı Ermənistan Prezidenti Serj Sarkisyan tərəfindən soyuqqanlılıqla hazırlanaraq icra olunmuş, dünya ictimaiyyətinə də Sumqayıt hadisələrinin ildönümü münasibəti ilə “əvəz-əvəz aktı ” kimi təqdim edilmişdi. Əslində, 1988-ci il Sumqayıt hadisələrini SSRİ DTK-nın razılığı ilə erməni xüsusi xidmət orqanları diaspor təşkilatları ilə birgə planlaşdıraraq həyata keçirmişdi “.

PA rəhbəri bildirib: “Çox təəssüf ki, bəzən parlamentlər, hökumətlər, beynəlxalq təşkilatlar Xocalı faciəsinə və orada həyata keçirilən soyqırımı aktına göz yumurlar. Onlar erməni təbliğatının təsiri altında və ya siyasi təəssübkeşlik göstərərək “ermənilərə qarşı talanlar ” barədə əfsanəni müzakirə predmetinə çevirir və hətta bununla bağlı obyektivlikdən uzaq və ədalətsiz qətnamələr də qəbul edirlər. Bütün bunlar, hətta SSRİ Baş Prokurorluğunun “isti izlərlə ” apardığı araşdırmalar nəticəsində 26-sı erməni, 6-sı azərbaycanlı olmaqla 32 insanın öldüyü Sumqayıt hadisəsinin təşkilatçılarının və günahkarlarının elə ermənilər olması barədə faktları aşkarlamasına rəğmən baş verir. İstintaq materiallarına görə, Sumqayıtdakı cinayətin əsas təşkilatçısı erməni əsilli Eduard Qriqoryan və onun qardaşlarıdır. SSRİ Prokurorluğunun topladığı materiallara əsasən, məhz Eduard Qriqoryan və onun qardaşı Ernest Qriqoryan müxtəlif kriminal ünsürlərdən ibarət qruplaşmaları “Qarabağ ” separatçı komitəsi və “Krunk ” erməni cəmiyyətinə haqq ödəməkdən imtina edən ermənilərin yaşadıqları ünvanlara göndərib “.

R.Mehdiyev, həmçini bildirib ki, bununla yanaşı, “isti izlər “lə toplanmış təkzibedilməz sübutlar qarşısında, erməni tərəfi bu günə kimi öz yalanlarını həqiqət kimi qələmə verməyə cəhd göstərir, sənədləri təhrif edərək digər çirkin metodlara əl atır. Ermənistan öz günahlarını Bakının üzərinə atmaqla Sumqayıt hadisələri ilə bağlı faktları saxtalaşdırmaqda davam edir, lakin unudurlar ki, bugünkü reallıqdan qaçmaq üçün keçmişi saxtalaşdıraraq gələcəyi qurban verirlər.

Azərbaycan Prezidenti Administrasiyasının rəhbərinin yazdığı kimi, alman filosof Karl Yaspers 1949-cu ildə “Tarixin mənası və təyinatı ” adlı əsərində belə bir fikir irəli sürür: “Keçmişin kabusunun unudulmasına heç bir vəchlə yol vermək olmaz. Keçmişi daim xatırlatmaq lazımdır. Keçmiş baş verib və onun təkrarlanması ehtimalı hələ də qalmaqdadır. Yalnız biliklər bu təkrarlanmanın qarşısını ala bilər. Təhlükəli məqam isə keçmiş haqqında bilgi almaq istəməmək, onu unutmağa cəhd göstərmək və bütün bunların həqiqətən baş verdiyinə inanmamaqdır “.

R.Mehdiyev qeyd edib ki, elə tarixi hadisələr var ki, onlar barədə nə qədər yazılsa da, hər dəfə oxuyanda onun acısını daha çox duyursan və təəssüf hissi ilə anırsan. Bu hisslər insan aqressiyasının doğurduğu saysız-hesabsız iztirab və ağrıları görəndə yaranır. Düşünürsən ki, müəyyən qruplaşmaların siyasi maraqları necə böyük dəhşətlərlə nəticələnir, məsələn, Srebrenitsa və Xocalıda baş vermiş faciələr kimi.

/Trend/