Rasim Musabəyov: “Azərbaycan öz maraqlarını heç kəsə qurban vermir ” Müsahibə

SİA millət vəkili, politoloq Rasim Musabəyovun yap.org.az saytına verdiyi müsahibəni təqdim edir:…

SİA millət vəkili, politoloq Rasim Musabəyovun yap.org.az saytına verdiyi müsahibəni təqdim edir:

 

– Fevralın 19-da Gəncə şəhərində Azərbaycan, Türkiyə və Gürcüstanın xarici işlər nazirlərinin görüşü keçirilib. Bu görüşü ölkələr arasında əməkdaşlığın inkişafı baxımından necə qiymətləndirirsiniz?

 

– Azərbaycan, Gürcüstan və Türkiyə strateji tərəfdaş ölkələrdir. Bölgədə həm sabitliyin təmin olunması, həm də, böyük regional layihələrin həyata keçirilməsi baxımından bu üç dövlətin mövqeyi müstəsna rol oynayır. Belə demək olar ki, bu layihələri həmin dövlətlər həyata keçirir və onların siyasi iradəsindən asılı olaraq bir çox layihələr həyata vəsiqə alır. Bunlar neft-qaz kəmərlərinə də, dəmir yoluna da, İpək yoluna da aiddir. Bütün bunlar üç dövlətin sıx əməkdaşlığı ilə həyata keçirilir. Bu mənada hər üç dövlətin xarici işlər nazirlərinin Gəncə şəhərində görüşü çox əhəmiyyətlidir. Nazirlər vaxtaşırı olaraq görüşüb regiondakı mövcud durumu və gələcək perspektivləri müzakirə edirlər. Bu görüşdə Azərbaycan, Gürcüstan və Türkiyə xarici işlər nazirlərinin birgə Bəyannaməsi də qəbul olunub. Nazirlər ölkələr arasında həm ikitərəfli, həm də üçtərəfli formatda əməkdaşlığın inkişaf səviyyəsindən məmnunluqlarını bildiriblər və əməkdaşlığın daha da möhkəmləndirilməsinin əhəmiyyətini vurğulayıblar. Eyni zamanda, bəyannamədə deyilir ki, mövcud həll olunmamış münaqişələr günahsız insanların ölümünə, etnik təmizliyə, yüz minlərlə qaçqın və məcburi köçkünün yaranmasına, insan haqları və azadlıqlarının təməl prinsiplərinin pozulmasına səbəb olur, mədəni irsin və şəxsi mülkiyyətin dağıdılmasına gətirib çıxarır, Cənubi Qafqazda siyasi-iqtisadi sabitliyə zərbə vurur. Təbii ki, bu dövlətlərin əməkdaşlığının güclənməsi xalqlarımıza yalnız və yalnız fayda gətirə bilər. Bu mənada , belə görüşlər yüksək qiymətləndirilməlidir.

 

– Bu dövlətlərin əməkdaşlığının güclənməsinin beynəlxalq müstəvidə əhəmiyyəti nədən ibarətdir?

 

– Əlbəttə ki, hər üç dövlətin sıx əməkdaşlığı müstəqil siyasətin reallaşdırılması baxımından böyük məna daşıyır. Belə olmasaydı, Azərbaycan öz enerji ehtiyatlarını dünya bazarına çıxarmaqda problemlərlə üzləşərdi. Türkiyə isə bölgədə nüfuzunu artıra və normal əlaqələrini qura bilməyəcəkdi. Təbii ki, bu regionda maraqları olan böyük dövlətlər də anlayırlar ki, bu əməkdaşlıq faydalıdır.

 

– Cənubi Qafqazın digər ölkəsi olan Ermənistan bütün regional layihələrdən kənarda qalıb. İşğalçı dövlət Avropa İttifaqı ilə Rusiya arasında “manevrlər ” edir. Bir tərəfdən Gömrük İttifaqına qoşulur, digər tərəfdən isə Avropa İttifaqı ilə əməkdaşlığa maraqlı olduğunu iddia edir. Sizcə, Ermənistan bu siyasəti ilə hansı məqsədlər güdür?

 

– Ermənistan Avropaya nə verə bilər? Təbii ki, heç nə. Çünki cılız bir dövlətdir, onun ixrac potensialı ildə cəmi 1 milyard dollarla ölçülür. Yəni Ermənistanın əslində, Avropaya verəcəyi heç nə yoxdur. Nə iqtisadi, nə geopolitik təsir baxımından heç bir rola malik deyil. Ermənistan deyəndə ki, biz Avropa İttifaqı ilə əməkdaşlığa maraqlıyıq, bu o deməkdi ki, həmin təşkilatdan nəsə qoparmaq istəyir. Doğrudur, Yunanıstan kimi milyardlarla dollar olmasa da, Avropadan nəsə umacağı var. Ona görə də, Avropa İttifaqı Ermənistanın səmimi olmasına inanmamalıdır.

 

– Bu yaxınlarda Minsk qrupunun həmsədrləri bölgəyə növbəti səfərlərini etdilər. Səfərin nəticəsi olaraq, Ermənistan-Azərbaycan münaqişəsinin həlli perspektivini necə şərh edərdiniz?

 

– Danışıqlar prosesinin əslində mənfi istiqamətdə getdiyini müşahidə edirəm. Söhbət təkcə atəşkəsin pozulmasından getmir. Bugünlərdə Ermənistan prezidenti Serj Sarkisyanın keçmiş döyüşçülərlə görüşü və bu görüşdəki çıxışı onu deməyə əsas verir ki, hələlik ermənilər ağıla gələsi deyil. Digər tərəfdən isə, Ermənistanın müstəqil siyasət aparmasından danışmağa dəyməz. Onun xarici havadarı düyməni basanda mülayim olur, başqa göstəriş alanda isə buna uyğun addım atır.

 

– Əgər danışıqlar prosesi mənfi istiqamətə gedirsə, bu formatın davam etməsi sual doğurmurmu?

 

– Bu məsələ artıq həmsədrlərin səviyyəsindən çıxıb. Yəni həmsədr ölkələrin nümayəndələri olan səfirlər münaqişənin həlli üçün heç nə etməyə qadir deyil. Böyük dövlətlərin başçıları, yaxud Avropa İttifaqının nüfuzlu rəsmiləri ciddi şəkildə bu münaqişənin həlli ilə bilavasitə məşğul olmadığı halda danışıqlardan nəinki nəticə, heç ciddilik də gözləməyə dəyməz. Hələlik, bu səyləri biz nə Rusiya, nə ABŞ, nə də Fransa tərəfindən görmürük. Məlumdur ki, yaz aylarında Fransanın prezidenti bölgəyə səfər etməlidir. Ola bilsin ki, bu səfər ərəfəsində Fransa tərəfindən hansısa səylər göstərilsin. Necə ki, vaxtilə Jak Şirak bunu etmişdi. ABŞ-da da dövlət katibi səviyyəsində ciddi səylər yoxdu. Biz çox yaxşı bilirik ki, Con Kerri olduqca ermənipərəst insandır. Vaxtilə 907-ci düzəlişin müəllifi də C.Kerri olub. İndi təbii ki, dövlət katibi olduğu üçün müəyyən qədər balans gözləməyə məcburdur. Ona görə də, indiki şəraitdə münaqişənin həllində irəliləyiş gözləmirəm. İstisna etmirəm ki, bu gərginliyin ardınca Rusiya hansısa hərəkətlər, təşəbbüslər etsin. Ancan bəllidir ki, bu ölkə də Ermənistana qarşı necə münasibət bəsləyir.

Bu şəiratdə Azərbaycan öz maraqlarını heç kəsə qurban verməməlidir və vermir də. Münaqişənin ədalətli həllində irəliləyiş olmasa da, vəziyyətin xeyrimizə olmayan formada dəyişməsinin qarşısını almalıyıq. Hesab edirəm ki, biz buna da qadirik.

/sia/