Rövşən Rzayev: Azərbaycan və erməni icmaları arasında dialoq Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə danışıqlara töhfə verə bilər

Azərbaycan və erməni icmaları arasında dialoqun aparılması Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə sülh danışıqlarına öz töhfəsini verə bilər…

Azərbaycan və erməni icmaları arasında dialoqun aparılması Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə sülh danışıqlarına öz töhfəsini verə bilər. Trend-in məlumatına görə, bu fikirləri Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) qış sessiyasının ikinci iş günündə keçirilən sərbəst dinləmələrdə ölkəmizin qurumdakı nümayəndə heyətinin üzvü Rövşən Rzayev deyib.

 

Millət vəkili çıxışında Assambleyanın diqqətini Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində danışıqların aparılmasının və münaqişə bölgəsində yaşayan Azərbaycan və erməni icmaları arasında təmasların yaradılmasının vacibliyinə yönəldiv və bunun sülh danışıqlarına töhfə verəcəyini deyib:

 

“Azərbaycan və erməni icmaları arasında dialoqun başlanması Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə sülh danışıqlarına öz töhfəsini verə bilər. Belə ki, ATƏT-in Minsk qrupu yaradılanda tərəflər kimi Azərbaycan və Ermənistan, habelə maraqlı tərəf kimi isə Dağlıq Qarabağ bölgəsinin Azərbaycan və erməni icmaları arasında danışıqların aparılması nəzərdə tutulmuşdu. Mən əminəm ki, dialoqun başlaması danışıqlar prosesinə öz töhfəsini verə bilər. Biz bu istiqamətdə axtarışlarımızı davam etdirəcəyik. 1990-cı illərin əvvəllərində mövcud olan problemlərimizi aradan qaldırmaq üçün öz aramızda danışıqların başlanmasını təklif edirdik. İlk vaxtlarda bu, bəlkə də çətin bir proses idi. Ancaq mən tam əminəm ki, biz danışıqlar masası ətrafında oturub dialoqa başlasaq, çox şeyə nail ola bilərik və bununla da aparılan sülh danışıqları prosesinə öz töhfəmizi vermiş olarıq. Buradakı həmkarlarımdan bu dialoqu yaratmaq istəyimizə dəstək verməyi xahiş edirəm “.

R.Rzayev çıxışında son bir neçə gündə təmas xəttində vəziyyətin gərginləşdiyinə də toxunub: “Üç gün bundan əvvəl qoşunların təmas xəttində güclü atışmalar baş verib. Bu işdə bizə, yəni azərbaycanlılara və ermənilərə kömək edə bilməsək, gələcəkdə çox dəhşətli nəticələrlə üzləşə bilərik. Buna görə də sizə müraciət edirəm və ümid edirəm ki, siz bizə bu məsələdə əməli köməklik göstərə bilərsiniz “

/Trend/