Dağlıq Qarabağ münaqişəsi və digər münaqişələrin həlli əvvəlki kimi beynəlxalq ictimaiyyətin gündəmindədir…
Dağlıq Qarabağ münaqişəsi və digər münaqişələrin həlli əvvəlki kimi beynəlxalq ictimaiyyətin gündəmindədir. Trend-in məlumatına görə, bu barədə Bakıda səfərdə olan Rumıniya xarici işlər nazirinin müavini, strateji məsələlər üzrə dövlət katibi Boqdan Auresku jurnalistlərə deyib.
O, qeyd edib: “Biz istəmirik ki, Krımdakı vəziyyət Qara dəniz ətrafında dondurulmuş və uzadılmış münaqişələr halqası yaratsın – Dağlıq Qarabağdan sonra Gürcüstanda separat regionlar, Krım və Dnenstryanı münaqişə kimi. Ona görə də bu istiqamətdə dialoqun aparılması və beynəlxalq ictimaiyyətin bu münaqişələrə diqqətini yönəltməsi vacibdir “.
Hazırda Krımda vəziyyətin çox həssas olduğunu bildirən B.Auresku ona görə də bu məsələnin beynəlxalq ictimaiyyətin gündəmində olduğunu vurğulayıb: “Amma bu o demək deyil ki, digər dondurulmuş münaqişələr Dağlıq Qarabağ da daxil olmaqla unudulub. Əksinə, düşünürəm ki, Ukraynadakı vəziyyət digər münaqişələrin həllinə beynəlxalq ictimaiyyətin fikrini daha çox çəkəcək və bu münaqişələrin nizamlanmasında səyləri daha çox stimullaşdıracaq “.
/Trend/