Dağlıq Qarabağ münaqişəsi tərəflərindən birinə istənilən müdaxilə və ya təzyiq çox risklidir və Rusiya istəməzdi ki, Azərbaycan və ya Ermənistan onlara təzyir göstərildiyini desinlər. Bu barədə Rusiyanın Baş naziri Vladimir Putin türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla çərşənbə axşamı keçirilən birgə mətbuat konfransında deyib, – TRT telekanalı xəbər verir.
“Bu cür münaqişələrin həllində münaqişə tərəflərindən yalnız biri məsuliyyət daşımır. Hər iki tərəfin rəsmi şəxsləri bu məsələni müzakirə etməli və başlanmış dialoqu davam etdirməlidirlər”, – Putin deyib.
Onun sözlərinə görə, münaqişənin elə həllinə nail olmaq lazımdır ki, onu hər iki tərəf qəbul etsin. “Bu məsələdə digər ölkələr yalnız vasitəçi kimi iştirak edə bilərlər. Burada səbirli olmaq lazımdır, çünki məsələ çox mürəkkəbdir”, – Baş nazir bildirib.
Putinin sözlərinə görə, Azərbaycan və Ermənistan bu münaqişəni özləri həll etməlidirlər, RF və başqa ölkələr isə onlara lazımi yardımı göstərməyə hazırdırlar.
“Biz tərəfləri qərar qəbul etməyə məcbur edə və onlara təzyiq göstərə bilmərik”, – Putin əlavə edib.
İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan silahlı qüvvələrinin işğalı altındadır.
1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.
BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağın və işğal olunmuş ərazilərin azad edilməsinə dair qəbul etdiyi dörd qətnamə Ermənistan tərəfindən bu günə qədər yerinə yetirilməyib.
/Trend, müxbir A.Qasımova/