Rusiya DİN və Miqrasiya Xidməti Biryulevodakı iğtişaşlarla bağlı Dövlət Duması qarşısında hesabat verəcək

Rusiyanın daxili işlər naziri Vladimir Kolokoltsev, Federal Miqrasiya Xidmətinin rəhbəri Konstantin Romodanovski və Moskva merinin regional təhlükəsizlik üzrə müavini Aleksandr Qorbenko Moskvanın Biryulevo rayonundakı vəziyyətlə bağlı Dövlət Dumasında çıxış edəcəklər…

Rusiyanın daxili işlər naziri Vladimir Kolokoltsev, Federal Miqrasiya Xidmətinin rəhbəri Konstantin Romodanovski və Moskva merinin regional təhlükəsizlik üzrə müavini Aleksandr Qorbenko Moskvanın Biryulevo rayonundakı vəziyyətlə bağlı Dövlət Dumasında çıxış edəcəklər. Bu barədə APA “RİA Novosti “yə istinadən xəbər verir. Xatırladaq ki, oktyabrın 10-da Moskvanın Qərbi Biryulevo rayonunda naməlum şəxs yerli sakin Yeqor Şerbakovu qətlə yetirərək hadisə yerindən uzaqlaşıb. Bu insident oktyabrın 13-də rayonun ərazisində iğtişaşlara səbəb olub, nəticədə 400-dək insan saxlanılıb. Qətli törətməkdə şübhəli bilinən Azərbaycan vətəndaşı Orxan Zeynalov həbs olunub.

Rusiyanın insan haqları üzrə müvəkkili Vladimir Lukin bir müddət əvvəl Biryulevo hadisələri ilə bağlı parlament istintaqı keçirməyi təklif edib. Dövlət Dumasının spikeri Sergey Narışkin bu təklifi şərh edərkən parlament istintaqının keçirilməsini istisna etməyib, lakin bunun DİN və FMX rəhbərlərinin parlamentə hesabatından sonra mümkün ola biləcəyini qeyd edib.

Rusiya Kommunist Partiyasının lideri Gennadi Züqanov isə Biryulevo hadisələrini Təhlükəsizlik Şurasının iclasında müzakirə etməyi təklif edib. /APA/