Rusiya, Ukrayna və Aİ qaz tədarükü üzrə üçtərəfli müqavilə imzaladılar – YENİLƏNİB

İki ölkə baza şərtlərini razılaşdırıblar.

 

İki ölkə baza şərtlərini razılaşdırıblar.

Brüsseldə keçirilən danışıqlarda Rusiya, Ukrayna və Avropa İttifaqı 2014-2015-ci illərin qış mövsümü üçün qaz tədarükü üzrə üçtərəfli müqavilə imzalayıblar.

Oxu.Az “RİA Novosti”-yə istinadən xəbər verir ki, Rusiyanın qaz inhisarçısı “Qazprom” və Ukraynanın “Naftoqaz” şirkətləri arasında imzalanmış müqavilə 2015-ci il martın sonunadək qaz tədarükünün şərtlərini müəyyənləşdirib.

“Tərəflər əldə olunmuş sazişin şərtlərinə tam əməl olunmasına dair öhdəlik götürüblər. Heç kim qazın tədarükündə yaranacaq fasilələrdən faydalanmayacaq. Tərəflərin maraqlarına hörmətlə yanaşılmalıdır”, deyə Avropa Komissiyasının rəhbəri Joze Manuel Barrozu bildirib.

Yeni müqavilənin şərtlərinə əsasən, Rusiya ixrac rüsumunun azaldılması hesabına Ukraynaya hər 1000 kubmetr qaza 100 dollar endirim tətbiq edəcək.

Avropa Komissiyasının vitse-prezidenti Günter Ettinger qeyd edib ki, belə olacağı təqdirdə, Ukraynanın 4 mlrd kubmetr Rusiya qazını ödəmək imkanı olacaq, bu isə Aİ ölkələrinin fasiləsiz qaz təchizatını təmin edəcək.

Qeyd edək ki, Ukrayna üçün 1000 kubmetr qazın baza qiyməti əvvəlki müqavilə üzrə 485 dollar təşkil edib. Yeni razılaşmaya əsasən, noyabrdan 2015-ci ilin mart ayınadək 1000 kubmetr qaza görə ödəniş, 100 dollar endirimlə, 385 dollar təşkil edəcək.

15:30 (30.10.2014)

Moskva və Kiyev qış mövsümündə Ukraynaya qaz tədarükünün bərpası üçün baza şərtlərini razılaşdırıblar.

Oxu.Az xəbər verir ki, bu barədə cümə axşamı Rusiya Energetika Nazirliyinin rəhbəri Aleksandr Novak bildirib.

Onun sözlərinə görə, iki ölkə arasında qaz danışıqları davam edir və dünən üçtərəfli danışıqların növbəti mərhələsi baş tutub.

“Qeyd etmək istərdim ki, hazırda qış dövrü üçün qaz tədarükü paketi (2014-cü ilin noyabrından 2015-ci ilin martınadək) üzrə baza şərtləri razılaşdırılıb”, – deyə, nazir xatırladıb.


www.oxu.az