Bu gün “Azərbaycanda Miqrant və Məcburi Köçkünlərin Hüquqlarının Müdafiəsi” İctimai Birliyinin təşkilatçılığı ilə Xocalı soyqırımının 22-ci ildönümü ilə bağlı “Xocalı – tariximizin qanlı səhifəsidir” mövzusunda tədbir keçirilib…
Bu gün “Azərbaycanda Miqrant və Məcburi Köçkünlərin Hüquqlarının Müdafiəsi” İctimai Birliyinin təşkilatçılığı ilə Xocalı soyqırımının 22-ci ildönümü ilə bağlı “Xocalı – tariximizin qanlı səhifəsidir” mövzusunda tədbir keçirilib.
Tədbiri “Azərbaycanda Miqrant və Məcburi Köçkünlərin Hüquqlarının Müdafiəsi” İctimai Birliyinin sədri Nadir Abdullayev açaraq Xocalı qətliamı barədə geniş məlumat verdi.
Nadir Abdullayev “Tarixdə heç bir cinayət cavabsız qalmayıb. Xocalı soyqırımının törədilməsində iştirak edənlər də beynəlxalq məhkəmə qarşısında cavab verəcəklər”. qeyd edib.
Daha sonra söz tarix üzrə fəlsəfə doktoru Məhərrəm Zülfüqarlıya verilib. Məhərrəm Zülfüqarlı Rusiya amilinə diqqət çəkərək “ Rusiya Azərbaycan xalqının müstəqil olmamasına çalışırdı. Həm də Azərbaycanda hakimiyyətdə olan insanlarla xalq ayrı idi. Bu gün Ayaz Mütəllibov Xocalı soyqırımı abidəsini ziyarət edir. Ancaq o vaxt xalq ordunun yaranmasını tələb edirdi, hakimiyyətdəkilər isə bunu istəmirdilər. Bu gün müstəqil yaşamağımıza görə şəhidlərimizə borcluyuq. Hesab edirəm ki, Rusiya Ukraynada uduzduğu kimi Qarabağda da uduzacaq və biz torpaqlarımızı azad edəcəyik”.
“Qolos Karabaxa” qəzetinin baş redaktoru Qədir Nəsirov nəzərə çatdırıb ki, erməni yazar Davud Xeyriyan Xocalı hadisələri zamanı 1200 cəsədin üzərindən keçdiyini yazıb: “Xocalı soyqırımı zamanı 613 nəfər yox, daha çox insan qətlə yetirilib. Biz faktları niyə düzgün çatdırmırıq, gizləyirik?”
Q. Nəsirov bildirib ki, Xocalıda ölənlərin sayı ilə bağlı statistika hər il təkrar olunur, lakin bu rəqəmlər düzgün deyil: “Xocalıda qətlə yetirilən 613 nəfərdən başqa donaraq dünyasını dəyişənlər də olub. Xocalıda 8 ailə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirib”.
Qeyd edək ki, tədbirin keçirilməsində əsas məqsəd Xocalı həqiqətlərini bütün dünya ictimaiyyətinə çatdırmaqdan və soyqırımı kimi dünya ölkələri tərəfindən tanınmasına nail olmaqdan ibarətdir.
Dünya xalqlarının 10 dilində məlumatlar yayan karabakhinfo.com beynəlxalq elektron-jurnalının baş redaktoru Zaur Qəriboğlu Xocalı faciəsinin yerli və dünya ictimaiyyətinə çatdırılması üçün jurnal kollektivinin gördüyü işlərdən danışdı. O, Xocalı, özəlliklə Qarabağ həqiqətlərinin dünyaya çatdırılmasında gənclərin aktiv olmasının vacibliyini xüsusi qeyd etdi.
“Azərbaycanda Miqrant və Məcburi Köçkünlərin Hüquqlarının Müdafiəsi İctimai Birliyi”nin icraçı direktoru Rüfət Muradov indi aparılan məqsədyönlü siyasət nəticəsində “Xocalı soyqırımı”nın artıq 7 dövlət və ABŞ-ın 14 ştatı tərəfindən tanındığını bildirdi.
Rüfət Muradov “Müharibə mənim gözümlə” layihəsi barədə də məlumat verərək layihəyə olan maraqdan danışıb. Tədbirin sonunda “Müharibə mənim gözümlə” layihəsinə yazı təqdim edən bir neçə gəncə “Təşəkkürnamə”lər təqdim edilib.