Rusiya və Qərbin erməni oyunu – udan kim, uduzan kim? – 2-ci hissə

 2012-ci ilin iyul ayında Yerevana səfər edən Rusiya Senatı və Duması rəhbərləri Valentin Matviyenko ilə Sergey Narışkin Putinin Avrasiya İttifaqı ilə bağlı düşüncələrini Ermənistan prezidentinə çatdırmışdılar.

2012-ci ilin iyul ayında Yerevana səfər edən Rusiya Senatı və Duması rəhbərləri Valentin Matviyenko ilə Sergey Narışkin Putinin Avrasiya İttifaqı ilə bağlı düşüncələrini Ermənistan prezidentinə çatdırmışdılar. 2012-ci ilin avqust ayında Sarkisyanın Moskvaya səfəri zamanı Putinlə görüşündən sonra iki ölkə arasında Ermənistanın Gömrük İttifaqına qoşulmasını koordinasiya etmək məqsədilə işçi qrupunun yaradılması qərara alınmışdı.

Amma nə 2012-ci ilin dekabr, nə də 2013-cü ilin mart aylarında iki ölkə prezidentlərinin görüşlərindən sonra bu barədə mətbuatda hər hansı bir bəyanat öz əksini tapmamışdı. Həmin müddət ərzində Aİ nümayəndələrinin Yerevanı Qərbə inteqrasiyaya sövq etmələri, Ermənistanın isə Aİ Şərq Tərəfdaşlığı proqramı və Rusiyanın Avrasiya İttifaqı arasında tərəddüd etməsi müşahidə olunmuşdu.

2013-cü ilin avqust ayında Rusiyanın Ermənistandakı səfiri Vyaceslav Kovalenko Sarkisyan hakimiyyətinin Aİ ilə yaxınlaşmağa davam edəcəyi təqdirdə Kreml ilə olan münasibətlərinin korlanacağını bəyan etmişdi. Bunun ardınca rus siyasətçiləri öz çıxışlarında bildirmişdilər ki, Qərb ölkələri Rusiya ilə rəqabətə girərək Avrasiyadakı birləşmə meyllərinin qarşısını almağa çalışırlar. Rusiya tərəfi eyni zamanda Ermənistanı müdafiə etmə cavabdehliyi məsələsinə yenidən baxacağı kimi fikirlər səsləndirməyə başlamışdır.

2013-cü ilin aprel ayında Rusiya Ermənistana ixrac etdiyi qazın qiymətini 50% artırıb. Moskvanın təhdidləri nəticəsində Yerevan öz mövqeyini müəyyənləşdirməli olmuş, Sarkisyan 3 sentyabr 2013-cü il tarixində Rusiyaya səfəri zamanı ölkəsinin milli maraqlarını nəzərə alaraq, Avrasiya İttifaqına qoşulmaq istəklərini açıqlamışdı.

Sarkisyan iqtidarının bu qərarı Aİ və ölkə daxilindəki müxalifət tərəfindən narazılıqla qarşılanmış və bunun Yerevanı tamamilə Rusiyanın hakimiyyəti altına salacağı və Aİ ilə iqtisadi əməkdaşlığın inkişafına mane olacağı barədə fıkirlər səslənməyə başlanmışdı.

2013-cü ilin oktyabr ayında Minskdə Avrasiya İqtisadi Şurasının yığıncağında bu Şura ilə Ermənistanın əməkdaşlığını nəzərdə tutan müqavilə imzalandı. Bundan sonra Rusiya Ermənistana ixrac etdiyi qazın qiymətini öz ölkəsində satdığı qiymətlə uzlaşdıracağını bəyan etdi. Bununla da Ermənistan noyabr ayının sonlarında Vilnüsdə keçiriləcək görüşlərdə Aİ ilə assosiativ sazişi imzalamayacağı haqda öhdəlik götürmüş oldu.

2 dekabr 2013-cü il tarixində Putin Ermənistana dəstək nümayiş etdirmək məqsədilə bu ölkəyə səfəri zamanı qazın qiymətinin 270 dollardan 189 dollara endirildiyini söylədi, “ArmRosGazprom” şirkətinin təbii qaz paylanmasındakı 20%-lik payını “Qazprom “a verəcəyi təqdirdə Ermənistanın Rusiyaya olan 155 milyonluq borcunun silinəcəyini vəd etdi. Rusiya artıq Ermənistanda təbii qaz paylanılmasınm 80 %-lik hissəsini öz əlində cəmləşdirib.

Bu müqavilə müxalifət partiyalarının kəskin etirazına baxmayaraq, Ermənistan parlamenti tərəfindən ratifikasiya olundu. Tərəflər, həmçinin 2043-cü ilə qədər Ermənistanın təbii qaz idxalına nəzarət hüququnun “Qazprom “un ixtiyarında olması, şirkət tərəfindən 2014-2018-ci ilər ərzində hər il bu ölkəyə 2.5 milyard kub metr qaz ixrac edilməsi, 2014-2016-cı illər arasında ölkənin qaz sektoruna 90 milyon dollar investisiya qoyulması barədə razılıq əldə etdilər. Bununla da Rusiya İranı Ermənistanın qaz bazarından tamamilə kənarlaşdırdı və bu sahəni inhisarına aldı.

Avropa Komissiyası Vilnus sammitində Aİ ilə assosiativ saziş imzalanmasına dair hələ 2013-cü ilin iyul ayında Ermənistandan razılıq almışdı. Aİ nümayəndələri bu müddət ərzində Yerevanı “Şərq tərəfdaşlığı ” layihəsində iştirak edən bir ölkənin Rusiyanın rəhbərlik etdiyi iqtisadi təşkilata üzvlüyünün münasib olmayacağı barədə xəbərdar etmişdilər.

Ermənistan Gömrük İttifaqına üzvlüyü barədə qərar qəbul etməsindən sonra Avropa Parlamenti Rusiyanı Aİ-nin şərq qonşuları ilə əməkdaşlığına mane olmaq məqsədilə bu ölkə tərəfindən edilən iqtisadi, siyasi və hərbi təzyiqləri sərt şəkildə tənqid edib.

Avropa Parlamentinin 2013-cü ilin 12 sentyabrında qəbul etdiyi qanunda Rusiyanın Aİ Şərq Tərəfdaşlığı layihəsinə üzv olan ölkələrə qarşı münasibətini qəbuledilməz olduğunu vurğulanmış və Avropa Komissiyasına mövcud vəziyyətə müvafiq olan siyasi mövqe nümayiş etdirmək barədə fıkirlər öz əksini tapmışdı. Bundan sonra Aİ tərəfındən qəbul edilmiş bəyənatda Şərq tərəfdaşlığına üzv ölkələr ilə assosiativ sazişin imzalanması üçün hərəkət planı hazırlanacağı və bu zaman Rusiyanın tələb və maraqlarının nəzərə alınacağı bildirilmişdi.

Aİ-nin Genişlənmə Məsələləri və Avropa Qonşuluq Siyasəti komissarı Ştefan Füle Yerevana səfəri zamanı Xarici İşlər naziri Edvard Nalbadyanla mühüm görüş keçirmişdi. Görüşdən sonra Stefan Füle Gömrük İttifaqına üzvlüklə bağlı qərar qəbul edildiyi üçün Vilnus sammitində Aİ və Ermənistan arasında hər hansı bir müqavilənin imzalanması ehtimalının qalmadığını bildirib.

Füle, eyni zamanda Aİ-nin Ermənistanla yeni formatda əməkdaşlığı davam etdirməkdə maraqlı olduğunu vurğulayıb. Assosiativ sazişin imzalanmasma əsas maneə Rusiya tərəfindən edilən təzyiqlər olub. “Şərq Tərəfdaşlığı ” proqramına üzv olan digər ölkələr təzyiqlərə məruz qaldıqlarını aşkar sürətdə etiraf etsələr də, Yerevan hakimiyyəti susmağa üstünlük verdi.

Ermənistanın Assosiativ sazişi imzalanmaqdan imtina etməsi Aİ-nın Cənubi Qafqazda geopolitik üstünlük əldə etmək məqsədilə Rusiya ilə apardığı mübarizədə məğlub olması kimi qiymətləndirilir. Eyni zamanda, bəzi informasiya agentlikləri belə bir fikir səsləndirirlər ki, Ermənistan, lobbisinin güclü olduğu Fransanın təşviqi və köməyi ilə Aİ ilə münasibətlərinin inkişaf etdirərək yeni bir müqavilə imzalamaq niyyətindədir.

Ermənistanın Aİ ilə münasibətləri inkişaf etdirməsinin zəruri olduğu fikrini müdafiə edən siyasi partiyalar və ictimai təşkilatların nümayəndələri prezident Sarkisyanın Gömrük İttifaqına daxil olmaq qərarından sonra kütləvi aksiyalara başladılar. İki əsas müxalifət partiyası tərəfindən təşkil edilən mitinqlər 2013-cü ilin dekabr ayında Putinin Yerevana səfərindən sonra daha da geniş vüsət almışdı. Ermənistan İrs Partiyasının rəhbəri Raffi Hovhanisyan Gömrük İttifaqına daxil olma qərarını sərt şəkildə tənqid etmişdi.

O, həmçinin qeyd etmişdi ki, Dağlıq Qarabağ problemi həll edilmədən üzvlük qərarının qəbul edilməsi yolverilməzdir. Ölkənin əvvəlki xarici işlər naziri Aleksandr Arzumanyan etiraz aksiyalarında iştirakın az olmasını əhalinin Aİ ilə Assosiativ sazişin imzalanmasının müsbət tərəfləri və bu müqavilənin məğzi barədə məlumatsız olması ilə izah etmişdir.

Milli.Az