Səfir: Fransa Prezidentinin Azərbaycana səfəri zamanı ikitərəfli əməkdaşlığa dair 4 sənəd imzalanacaq

Fransa Prezidenti Fransua Ollandın Azərbaycana səfəri zamanı əməkdaşlıq haqqında bir sıra ikitərəfli sazişlər imzalanacaq…

Fransa Prezidenti Fransua Ollandın Azərbaycana səfəri zamanı əməkdaşlıq haqqında bir sıra ikitərəfli sazişlər imzalanacaq. Trend-in məlumatına görə, bu barədə cümə günü Fransa Respublikasının Azərbaycandakı səfiri Paskal Mönye Azərbaycanda əlillərin tibbi-sosial reabilitasiya sisteminin inkişafının dəstəklənməsi üzrə tvinninq layihəsinin təqdimatında deyib.

Diplomat qeyd edib: “Həmin sənədlər ölkələrimiz arasında ətraf mühitin mühafizəsi, İKT, enerji və nəqliyyat sahələrində əməkdaşlığa dair olacaq “.

Onun sözlərinə görə, Prezident Fransua Ollandın Bakıya səfəri yaxın həftələrdə baş tutacaq: “Hazırda müvafiq saziş layihələrini hazırlayırıq. Əminəm ki, ölkələrimiz arasında qarşılıqlı əlaqələr uğurla inkişaf edəcək “.

Qeyd edək ki, Fransa Prezidenti Fransua Ollandın Azərbaycana səfəri mayın 11-12-nə nəzərdə tutulur.

 

/Trend/