Şəhid qardaşının xatirə arzusu

“Dəyişikliklərin edilməsi icra hakimiyyətinin səlahiyyətləri xaricindədir”…

“Dəyişikliklərin edilməsi icra hakimiyyətinin səlahiyyətləri xaricindədir”.

Elxan Məhərrəmov Qarabağ müharibəsi zamanı döyüşlərdə itirdiyi qardaşının adının əbədiləşdirilməsini istəyir. 

Oxu.Az xəbər verir ki, ANS TV-nin məlumatına görə, ölümü ilə ailəsinin ürəyinə dağ çəkən Akifin qardaşı indi onun adını əbədiləşdirmək üçün əlindən gələni etməyə hazırdır. Təki 22 yaşında şəhid olan Akifin adı doğulub böyüdüyü Xətai rayonunun hansısa bir küçəsində əbədiləşsin.

Xüsusən də rayon ərazisində yerləşən Neapol dairəsində olan kompleksdə onun da şəklinin 1993-94-cü illərdə şəhid olan 28 şəhidin şəklinin yanında yer almasını istəyir. Amma müraciət etdiyi qurumlardan heç biri ona ürəkaçan cavab verməyib.

E.Məhərrəmov istəyini reallaşdırana qədər müraciətlərinin davam edəcəyini bildirdi. 

Əhvalatı Xətai rayon İcra Hakimiyyətinin baş memarına çatdırdıq. Vadim Surxayev də dedi ki, sözügedən şəhidlər üçün kiçik kompleks 1994-cü ildə salınıb və onun bərpası 2007-ci ildə icra hakimiyyəti tərəfindən həyata keçirilib. Oradakı şəhidlərin sayının artırılması və ya hansısa dəyişikliklərin edilməsi isə icra hakimiyyətinin səlahiyyətləri xaricindədir.

Vadim Surxayev II Fəxri Xiyabanda dəfn olunan şəhid Akifin ailəsi kimi, rayon ərazisində yaşayan 450-dən artıq digər şəhid ailələrinə də üzünü tutaraq bu məsələ ilə bağlı rayon icra hakimiyyətinə deyil, aidiyyatı qurumlara müraciət etmələrini məsləhət gördü.

 

/Oxu.az/