Sədr: Almaniyada gördüyüm pozuntu Azərbaycanda baş versəydi, aləm qarışardı

“Xırda çatışmazlıqları şişirdirlər”…

“Xırda çatışmazlıqları şişirdirlər”.

Biz çatışmazlığı gördüyümüz qədər inkişafı da görməliyik. Avropada bu məsələdə tarazlıq var. Prezident də ona görə çalışır ki, gənclərimiz xaricdə oxusun, həmin ölkələrdə həm irəliləyişləri, həm də çatışmazlıqları görsün. Dünyanın hər yerində çatışmazlıqlar var”.

Oxu.Az APA-ya istinadən xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunda keçirilən görüşdə Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov söyləyib.

Əsas məsələnin çatışmazlıqları aradan qaldırmağa çalışmaq olduğunu deyən M. Pənahovun sözlərinə görə, Almaniyada elə seçki pozuntusu görüb ki, o pozuntu Azərbaycanda baş versəydi, aləm qarışardı:

“Seçki bülletenində Almaniyanın həmin bölgəsindəki namizədlərin birinin adı yox idi. Soruşdum ki, bu, necə olacaq? Buna çox sakit yanaşdılar, heç bir siyasi qüvvənin təmsilçisi bunun qəsdən edildiyi iddiasını irəli sürmədilər, texniki məsələdən qaynaqlandığını bildirdilər. Azərbaycanda belə hadisə olsaydı, bir sıra siyasi qüvvələrin hansı bəyanatlar verəcəyi proqnozlaşdırmaq çətin deyil. Vaxt vardı ki, bəzi siyasi qüvvələrin təmsilçiləri hansısa məntəqədə kiminsə əlində iki pasport görəndə deyirdilər ki, seçkini buna görə uduzublar”.

MSK sədri Azərbaycanda hakimiyyətin reytinqinin yüksək olmasının səbəbindən də danışıb:

“Prezident insanlarla daim ünsiyyətdə olduğu, həyat şəraitləri ilə maraqlandığı və insanların həyat şəraitini yaxşılaşdırmağa çalışdığı üçün reytinqi kifayət qədər yüksəkdir”.

www.oxu.az