Bu gün Türkiyənin Azərbaycandakı səfirliyində Xocalı soyqrımının 22-ci ildönümünə həsr edilmiş anım tədbiri keçirilib…
Bu gün Türkiyənin Azərbaycandakı səfirliyində Xocalı soyqrımının 22-ci ildönümünə həsr edilmiş anım tədbiri keçirilib. Trend-in məlumatına görə, tədbirdə Azərbaycanın dövlət rəsmiləri, millət vəkilləri, Azərbaycanda yaşayan Türkiyə vətəndaşları və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Əvvəlcə Xocalı faciəsi qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla anılıb və “TRT ” tərəfindən hazırlanan ermənilərin Xocalıda törətdikləri vəhşilikləri əks etdirən film nümayiş etdirilib.
Tədbirdə çıxış edən Türkiyənin Azərbaycandakı səfiri İsmayıl Alper Coşqun Xocalı soyqırımının bütün dünyada, o cümlədən Tükiyədə də geniş anıldığını qeyd edib. Türkiyənin daim Azərbaycanın yanında olduğunu deyən səfir Xocalı soyqırımını dünya ictimaiyyətinə çatdırmaqda Türkiyənin Azərbaycana daim dəstək olduğunu diqqətə çatdırıb: “Xocalı soyqırımını dünyaya tanıtmaq bizim vicdan borcumuzdur. Biz də Azərbaycanla birlikdə Xocalı soyqırımını bütün dünyaya anlatmağa çalışırıq “.
Səfir qeyd edib ki, bütün dünya icimaiyyəti vəhşiliklə törədilən bu soyqırımı tanımalıdır, yalnız ondan sonra faciə qurbanları rahat uyuya bilərlər.
Şimali Kipr Türk Cümhuriyyətinin Azərbaycandakı nümayəndəsi Səadəddin Topuqçu qeyd edib ki, bu qanlı günləri biz tez-tez xatırlamalıyıq. Kipr türklərinin də başına bu cür faciələr gətirildiyini deyən S.Topuqçu bildirib ki, ermənilər tarix boyu türklərə qarşı qətllər törədiblər. O qeyd edib ki, Kipr türkləri azərbaycanlı qardaşlarının bu kədərini anlayır və paylaşır. K.Topuqçu vurğulayıb ki, işğal olunmuş ərazilər Azərbaycanın tərkibinə qayıdandan sonra həmin şəhidlərin ruhları şad olacaq.
Millət vəkili Məlahət İbrahimqızı çıxış edərək qeyd edib ki, Xocalı faciəsi bütün türk dünyasının faciəsidir. O qeyd edib ki, cinayətin ən yüksək zirvəsi olan Xocalı faciəsinin günahkarları cavab verməlidirlər. Millət vəkili beynəlxalq ictimaiyəti Ermənistana işğalçı siyasətinə son qoymasında təsir göstərməməkdə qınayıb.
Daha sonra çıxış edən millət vəkili Yaqub Mahmudov qeyd edib ki, biz bu qanlı tarixi unutmamalıyıq, hər gün bu faciəni xatırlamalıyıq: “Biz o tarixi yaşadanları da unutmamalıyıq, hadisələrdən ibrət dərsi almalıyıq “. Y.Mahmudov qeyd edib ki, ermənilər tarix boyu türklərə qarşı silsilə cinayətlər törədib. O bildirib ki, vaxtilə əlində silah tutub Azərbaycan xalqına qarşı cinayət törədən Serj Sarkisyan bu gün Ermənistanın prezidentidir: “Məgər ədalətdən danışan dövlətlər, beynəlxalq təşkilatlar bunu görmür? Elə ədalətdən danışanların özləri ədalətsizliyin başında dayanar “.
O qeyd edib ki, Azərbaycan və Türkiyə bütün bunlara qarşı birgə mübarizə aparmalıdır.
/Trend/