Səməd Seyidov: “AŞPA-ya hansı prezident gəlirsə gəlsin, o, Azərbaycanın mövqeyi və səsi ilə hesablaşmalıdır”

“Avropa Şurasının Azərbaycanla birgə fəaliyyəti elə təşkil olunub ki, artıq tərəflər bu konstruktiv əməkdaşlıq yolundan geri dönmərik…

“Avropa Şurasının Azərbaycanla birgə fəaliyyəti elə təşkil olunub ki, artıq tərəflər bu konstruktiv əməkdaşlıq yolundan geri dönmərik. Biz mövqeyimizi çatdırmaqda israrlıyıq və əvvəlki illərdən fərqli olaraq, Azərbaycanın mövqeyi çox güclüdür. Ona görə də, hansı prezident gəlirsə gəlsin, o, Azərbaycanın mövqeyi, fikri və səsi ilə hesablaşmalıdır və əminəm ki, An Brassör (Anne Brasseur) işləri bu istiqamətdə davam etdirəcək”.

 

Bu sözləri APA-nın Strasburqa ezam olunmuş müxbirinə açıqlamasında Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri, millət vəkili Səməd Seyidov deyib.

 

Lüksemburqdan olan An Brassörün AŞPA sədri seçilməsinə münasibət bildirən S. Seyidov qeyd edib ki, A. Brassörü yaxşı tanıyır: “Təbii ki, Avropa Şurası elə bir təşkilatdır ki, hər kəs öz mövqeyini ortaya qoya bilər, amma bu, heç də Avropa Şurasının ümumiləşmiş mövqeyi anlamına gəlmir”.

 

S. Seyidovun sözlərinə görə, AŞPA-da bəzi deputatların məqsədi təşkilatın imkanlarından istifadə edərək Azərbaycana təzyiq göstərməkdir: “Amma Azərbaycan artıq o ölkə deyil ki, kimsə ona təzyiq göstərsin”.

/Apa/