Sergey Lavrov: “Dağlıq Qarabağ danışıqlarında irəliləyiş yoxdur”

“Rusiyanın Dağlıq Qarabağla bağlı mövqeyi məlumdur. Biz həmsədr ölkə kimi münaqişənin tənzimlənməsində səylərimizi davam etdiririk. Müəyyən mərhələlərdə Azərbaycan və Ermənistana həmsədrlərdən müəyyən təkliflər olmuşdu…

“Rusiyanın Dağlıq Qarabağla bağlı mövqeyi məlumdur. Biz həmsədr ölkə kimi münaqişənin tənzimlənməsində səylərimizi davam etdiririk. Müəyyən mərhələlərdə Azərbaycan və Ermənistana həmsədrlərdən müəyyən təkliflər olmuşdu. Əsas məsələ tərəflərin razılığa gəlməsi idi. Təəssüflər olsun ki, verilən təkliflərin biri bir, o biri başqa tərəfi qane etmədi. Əsas məsələ tərəflərin özlərinin razılığa gəlməsi idi”.

APA-nın Moskva müxbirinin xəbərinə görə, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov ermənistanlı həmkarı Edvard Nalbandyanla görüşdən sonra keçirdiyi mətbuat konfransında deyib.

“Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi istiqamətində danışıqlar dalana dirənib, Rusiyanın danışıqlarda aktivliyi niyə azalıb” sualına S. Lavrov “Rusiya aktivliyi azaltmayıb, Minsk qrupu çərçivəsində səylərini davam etdirir. Həmsədrlər mütəmadi olaraq xarici işlər nazirləri və prezidentlərlə görüşürlər” cavabını verib.

Rusiya xarici işlər naziri danışıqlar prosesində irəliləyişin olmaması barədə sualla isə razılaşıb: “Bəli, danışıqlarda irəliləyiş yoxdur”.

E. Nalbandyan da danışıqlarda irəliləyiş olmadığını deyib: “Doğrudur, irəliləyiş yoxdur, amma demək olmaz ki, danışıqlar dalana dirənib. Xarici işlər nazirləri mütəmadi görüşləri keçirilir. Proses davam etdirilir”.

APA-nın əməkdaşının “Həmsədrlər və Azərbaycan “status-kvo”nun qəbuledilməz olduğunu bəyan edir, Ermənistanın bununla bağlı mövqeyi necədir” sualına E. Nalbandyan belə cavab verib: “Ermənistanın mövqeyi Minsk qrupunun mövqeyi ilə eynidir. Əgər Azərbaycan “status-kvo”nun saxlanmasını istəmirsə, həmsədrlərin təkliflərini rədd etməməlidir. Bu təkliflər cəbhə xəttindən snayperlərin geri çəkilməsi və sairdən ibarətdir”.

/Apa/