Şeyx: Tehranın həmişə Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib

Qonaqlar günorta namazı qılıb…

Qonaqlar günorta namazı qılıb.

Sentyabrın 10-da İran İslam Respublikasının Xorasan vilayətinin valisi Əlirza Raşidianın başçılıq etdiyi nümayəndə heyəti Qafqaz Müsəlmanları İdarəsində (QMİ) olub. Əvvəlcə Təzəpir məscidini ziyarət edən qonaqlar günorta namazı qılıb, kompleksin kitabxanasına baş çəkiblər.  

Oxu.Az APA-ya istinadən xəbər verir ki, QMI-dən verilən məlumata görə, sonra qonaqları QMİ-nin sədri, Şeyxülislam Allahşükür Paşazadə qəbul edib. 

Xorasan vilayətinin valisi Əlirza Raşidianın başçılıq etdiyi nümayəndə heyətini səmimi salamlayan Şeyxülislam həzrətləri Azərbaycan-İran əlaqələrinin tarixi köklərə malik olduğunu diqqətə çatdırıb. Allahşükür Paşazadə iki qonşu ölkə arasında münasibətlərin son illərdə bütün sahələri əhatə etdiyini, dövlət başçılarının bu məsələyə xüsusi önəm verdiklərini bildirib.

QMİ sədri rəsmi Tehranın həmişə Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini diqqətə çatdırıb, İranın Ali dini rəhbəri Seyid Əli Xameneiyə və ölkə prezidenti Həsən Ruhaniyə salamlarını yetirməyi xahiş edib.

İranın Xorasan vilayətinin valisi Əlirza Raşidian səmimi qarşılanmaya görə minnətdarlığını bildirib, Azərbaycandakı müsəlman qardaşları ilə yenidən görüşməkdən məmnun qaldığını ifadə edib. Xorasan valisi başçılıq etdiyi nümayəndə heyətinin səfər zamanı gördüyü işlər barədə məlumat verib. Qonaq qeyd edib ki, ölkəsi qonşu Azərbaycanla müxtəlif sahələrdə əlaqələrin daha da inkişafına maraqlıdır.     

Şeyxülislam həzrətləri qonağa xatirə hədiyyəsi təqdim edib. Söhbət zamanı qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub. Görüşdə Qafqaz Müsəlmanları İdarəsi sədrinin birinci müavini, Müfti Hacı Salman Musayev, sədrin müavini, Bakı İslam Universitetinin rektoru Hacı Sabir Həsənli, İran İslam Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Möhsün Pakayin, İranın Ali dini rəhbərinin nümayəndəsi Seyid Əli Əkbər Ocaqnejad və başqaları iştirak ediblər.

www.oxu.az