Son 24 il ərzində Abşeron iqtisadi rayonunda kənd əhalisinin sayı şəhər əhalisi ilə müqayisədə daha sürətlə artır

1989-2013-cü illər ərzində Azərbaycanın ən inkişaf etmiş iqtisadi rayonu olan Abşeronda (Bakı, Sumqayıt şəhərləri, Abşeron, Xızı rayonları) kənd əhalisinin artım tempi şəhər əhalisinin artımını xeyli üstələyib…

1989-2013-cü illər ərzində Azərbaycanın ən inkişaf etmiş iqtisadi rayonu olan Abşeronda (Bakı, Sumqayıt şəhərləri, Abşeron, Xızı rayonları) kənd əhalisinin artım tempi şəhər əhalisinin artımını xeyli üstələyib. Bunu Trend-ə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Coğrafiya İnstitutunun Azərbaycan əhalisi və sosial inkişafı coğrafiyası şöbəsinin elmi işçisi Etibar Bədəlov deyib.

Onun sözlərinə görə, bu dövrdə kəndlərdə əhalinin sayı 9,4 min nəfərdən 29,4 min nəfərədək artıb və bu da istisadi rayonun bütün kənd əhalisinin 70%-ni təşkil edib. Qeyd edilən dövrdə iqtisadi rayonun 5 kəndinin – Masazır, Novxanı, Məhəmmədi, Fatmayi və Goradilin əhalisinin sayı daha sürətlə artıb. Buna görə də bu kəndlər artıq qəsəbə statusu almalıdırlar.

E.Bədəlov deyib ki, region kənd əhalisinin sayına və ümumi əhali arasında xüsusi çəkisinə görə ölkədə iqtisadi rayonlar arasında sonuncu yeri tutur. Abşeron iqtisadi rayonunda 32 kənd var ki, onların 25-i Xızıda, 7-si Abşeron rayonunda yerləşir.

Mütəxəssisin sözlərinə görə, Abşeronun Bakı və Sumqayıt şəhərlərinin yaxınlığında yerləşən kəndlərinin əhalisinin sayı sovet dövrünün sonunda və müstəqillik illərində daha sürətlə artdığı halda, Xızının dağ kəndlərində demoqrafik tənəzzül prosesi gedib: “Xızının 14 kəndinin hər birinin əhalisinin sayı 100 nəfərə kimidir. 2009-cu ildə əhalinin siyahıya alınmasının nəticələrinə görə, onların 3-də – Əngilan, Yuxarı Əngilan və Qarsda artıq əhali yaşamır. Xızının Qızılqazma, Tüdar, Güney Qışlaq kəndlərinin hər birində isə 10 nəfərə kimi adam yaşayır “.

E.Bədəlov deyib ki, iqtisadi rayonda ən böyük kəndlər Abşeron rayonunda, kiçik kəndlərsə Xızı rayonunda yerləşir. 1999-2009-cu illər ərzində iqtisadi rayonda olan kiçik kəndlərin (əhalinin sayı 0-100; 101-500 nəfər) sayı 20-dən 22-yə qalxıb, lakin əhalinin sayına görə onların payı azalıb. Orta və nisbətən böyük kəndlərin sayı 7-dən 5-ə enib. Əvəzində isə ən böyük kəndlərin (əhalisinin sayı 2000 nəfərdən çox ) sayı artıb, onların əhali sayına görə payı isə 3 dəfəyə yaxın artaraq 62,4% təşkil edib. Əhalisi 1000 nəfərdən çox olan kəndlərin sayı 10 il ərzində dəyişməsə də, onların əhali sayına görə payı 6,7% artaraq 91,7% olub. Belə kəndlərdən ancaq 2-si Xızı rayonunda yerləşir.

E.Bədəlov bildirib ki, sadalanan problemlər nəzərə alınaraq, iqtisadi rayonda məskunlaşma sistemi nizama salınmalı, Xızı rayonunda mövcud kənd yaşayış məntəqələri inkişaf etdirilməli, rayonun Sitalçay və Yeni Yaşma kəndləri ətrafdakı kəndlərlə birləşdirilərək onlara qəsəbə statusu verilməli, Abşeron rayonunun kəndlərinin hamısına qəsəbə statusu verilməlidir. Abşeron rayonu özü də Bakının tərkibinə qatılaraq şəhər rayonu statusu almalıdır.

/Trend/