Strasburqda Xocalı soyqırımı qurbanlarının anım mərasimi keçirilib

“Azərbaycan xalqının bütün dünyanın sülhsevər dövlətləri və xalqlarından Xocalıya ədalət istədiyir”…

 

“Azərbaycan xalqının bütün dünyanın sülhsevər dövlətləri və xalqlarından Xocalıya ədalət istədiyir”.

 

Azərbaycanın Avropa Şurası yanında daimi nümayəndəliyi tərəfindən Fransanın Strasburq şəhərində yerləşən XIV əsrə aid Saint Pierre-le-Jeune kilsəsində XX əsrin ən dəhşətli faciələrindən biri olan Xocalı soyqırımının 22-ci ildönümünə həsr olunmuş anım mərasimi keçirilib.

 

Oxu.Az APA-ya istinadən xəbər verir ki, anım mərasimində Avropa Şurası yanında akkreditasiya olunmuş diplomatik korpusun nümayəndələri, Azərbaycan və Türkiyə diaspor təşkilatlarının təmsilçiləri, yerli ictimaiyyətin nümayəndələri, kilsə üzvləri, xarici qonaqlar, Strasburq Universitetində təhsil alan azərbaycanlı və əcnəbi tələbələr, eləcə də Elzas regionunda yaşayan soydaşlarımız iştirak ediblər.

 

Mərasimdə Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbirdə çıxış edən Azərbaycanın Avropa Şurası yanında daimi nümayəndəsi, səfir Emin Eyyubov Xocalı soyqırımı haqqında geniş məlumat verərək bildirib ki, “Qafqazın Srebrenitsası” adlandırılan Dağlıq Qarabağ bölgəsinin Xocalı şəhərində 1992-ci ilin fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri dinc əhaliyə qarşı soyqırımı həyata keçiriblər. Şəhərin əhalisi məhz azərbaycanlı olduğu üçün Ermənistan ordusu tərəfindən kütləvi qırğına məruz qalıb. Xocalıda cinayətkar ordu qocalara, uşaqlara, qadınlara misli görünməmiş divan tutub.

 

Ermənistanın Azərbaycanın Dağlıq Qarabağ da daxil olmaqla 20 faiz ərazisini işğal etdiyini bildirən səfir ABŞ, Fransa və Rusiyanın həmsədrliyi ilə ATƏT-in Minsk Qrupunun münaqişənin danışıqlar vasitəsilə həlli ilə məşğul olduğunu bildirib. O, Azərbaycanın münaqişənin ərazi bütövlüyü və beynəlxalq hüquq prinsipləri əsasında dinc yolla həllinə tərəfdar olduğunu dəfələrlə bəyan etməsinə baxmayaraq, erməni dövlətinin işğalçılıq və hərbi təcavüz siyasətindən bu gündə əl çəkmədiyini ifadə edib. “Xocalıya” ədalət kampaniyası haqqında məlumat verən diplomat Azərbaycan xalqının bütün dünyanın sülhsevər dövlətləri və xalqlarından Xocalıya ədalət istədiyini xüsusilə vurğulayıb.

 

Səfir, habelə Xocalı soyqırımının dünyanın bir çox ölkələri tərəfindən soyqırım cinayəti kimi tanındığını qeyd edib və bunu Azərbaycanın xarici siyasətinin uğuru olduğunu diqqətə çatdırıb.

 

Sonra çıxış edən fransız bəstəkarı, “Xocalı 613” əsərinin müəllifi Pyer Tilua (Pierre Thilloy) qeyd edib ki, Azərbaycanı yaxından tanıyandan sonra ölkəmizə sözün həqiqi mənasında heyran olub. Bəstəkar Azərbaycanın ən ağrılı yaralarından olan Xocalı soyqırımı haqqında məlumat aldıqdan sonra “Xocalı 613” əsərini bəstələdiyini və soyqırım qurbanlarının acılarını musiqinin dili ilə ifa etdiyini diqqətə çatdırıb.

 

Qeyd edək ki, anım mərasimində Bordo və Strasburq filarmonik orkestrlərinin solistlərindən ibarət musiqi qrupu Pyer Tiluanın (Pierre Thilloy) Xocalı soyqırımının qurbanlarına həsr etdiyi “Xocalı 613” əsərinin simli kvartet üçün uyğunlaşdırılmış versiyası ilə yanaşı, Xəyyam Mirzəzadə və Ciakomo Puçininin (Giakomo Puccini) də əsərlərini ifa edib.

 

/oxu.az/