“Ştrasserin məruzəsinin rədd edilməsi siyasi təzyiq vasitələri ilə Azərbaycana təsir etməyin perspektivinin olmadığını göstərdi”

Elxan Süleymanov: “Azərbaycan tərəfi Ştrasserə 2 dəfə dəvət məktubu göndərsə də, o, bir dəfə də olsun ölkəmizə səfər etmədi”

Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin üzvü, millət vəkili Elxan Süleymanovun APA-ya müsahibəsi…

 

 

Elxan Süleymanov: “Azərbaycan tərəfi Ştrasserə 2 dəfə dəvət məktubu göndərsə də, o, bir dəfə də olsun ölkəmizə səfər etmədi”

Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin üzvü, millət vəkili Elxan Süleymanovun APA-ya müsahibəsi

 

– AŞPA-nın plenar iclasında Azərbaycanla bağlı məruzələr ətrafındakı müzakirələr necə keçdi?

 

– AŞPA-nın qış sessiyasının 23 yanvar gününü Azərbaycan günü də adlandırmaq olar. Həmin gün həm də Avropa Şurası parlamentarilərinin hüququn aliliyi və obyektivlik sınağından uğurla keçdiyi gün də adlandırmaq olar. Plenar iclasda eyni zamanda Azərbaycana dair iki hesabat müzakirəyə çıxarılmışdı. Bunlardan biri Monitorinq Komitəsinin həmməruzəçiləri Pedro Aqramunt və Cozef Debono Qrex tərəfindən hazırlanmış “Azərbaycan tərəfindən öhdəlik və vəzifələrin icrası”na, digəri isə Hüquq məsələləri və İnsan hüquqları Komitəsinin məruzəçisi Kristof Ştrasserin hazırladığı “Azərbaycanda siyasi məhbusların izlənilməsi”nə dair məruzə idi. Gərgin müzakirələrdən sonra keçirilən səsvermə nəticəsində Pedro Aqramunt və Cozef Debono Qrek tərəfindən hazırlanmış “Azərbaycan tərəfindən öhdəlik və vəzifələrin icrası”na dair məruzə qəbul edildi, Ştrasserin “Azərbaycanda siyasi məhbusların izlənilməsi”nə dair məruzəsi isə qəbul edilmədi.

 

Deyim ki, Monitorinq Komitəsinin həmməruzəçiləri Pedro Aqramunt və Cozef Debono Qrek səlahiyyətləri çərçivəsində dəfələrlə Azərbaycana səfər etmişdilər. Onlar Azərbaycan iqtidarı, müxalifəti və vətəndaş cəmiyyəti nümayəndələri ilə əməkdaşlıq ediblər, hər hansı bir məsələ ilə bağlı obyektiv qiymətləndirmə nümayiş etdirməyə çalışıblar. Bunun nəticəsində onların hazırladıqları hesabat balanslaşdırılmış bir sənəd kimi dəyərləndirilmişdi. Bu səbəbdən həmməruzəçilərin hesabatlarının Monitorinq Komitəsində 12 dekabrda müzakirəsi obyektiv və işgüzar şəraitdə keçirildi. Plenar iclasda da çıxış edənlər məruzənin qəbul edilməsin dəstəklədilər.

 

Lakin Ştrasserin səlahiyyətlərini yerinə yetirməsi və hazırladığı hesabatla bağlı bu fikirləri qətiyyən söyləmək olmaz. O, məruzəçi təyin edildikdən dərhal sonra Azərbaycan hakimiyyəti və cəmiyyəti ilə əməkdaşlıq qurmaq əvəzinə, hakimiyyətə təzyiqlər etmə və məsələni siyasiləşdirmə yolu tutdu. Azərbaycan tərəfinin ona 2 dəfə dəvət məktubu göndərməsinə baxmayaraq, bir dəfə də olsun ölkəmizə səfər etmədi. Onun Azərbaycana gəlmək istəyində olmadığını gördükdə isə komitə katibliyinə məktub göndərildi. Məktubda Prezident Administrasiyasının səlahiyyətli nümayəndəsinin Strasburqda Ştrasserlə görüşməyə hazır olduğu bildirilirdi. Lakin Ştrasser bu imkanların heç birindən istifadə etmədi, bunun əvəzində məsələni siyasiləşdirməkdə davam etdi, guya ona ölkəyə səfər etməsi üçün viza verilməməsi iddiaları ilə Azərbaycana qarşı siyasi kampaniyalar təşkil etməyə başladı. Nəticədə, onun hazırladığı hesabat birtərəfli, qərəzli və reallıqdan tam uzaq yazı kimi gündəmə gəldi. Bu səbəbdən iyun ayında Ştrasserin hazırladığı hesabatın Hüquq məsələlərin və İnsan hüquqları Komitəsinin iclasında müzakirəsi çox gərgin şəraitdə keçdi. Bu gərginlik AŞPA-nın qış sessiyası ərəfəsində pik həddə çatdı. Bu cəhdlərə baxmayaraq, AŞPA üzvləri Ştrasserin hazırladığı hesabatın əleyhinə səs verdilər və bu hesabat rədd edildi.

 

– Siz Ştrasseri hesabatını “birtərəfli, qərəzli və reallıqdan tam uzaq bir yazı” adlandırdınız. Hər halda AŞ PA-da hazırlanan hesabatdan söhbət gedir…

 

– Qeyd etdiyim kimi, Azərbaycan üzrə məruzəçi mandatı verildikdən sonra Ştrasser ölkəmizə qarşı qərəzli və açıq-aşkar düşmən mövqe tutdu, məsələni siyasiləşdirmək istiqamətində səylər göstərdi, öz müsahibələrində Azərbaycan hakimiyyətini ağır cinayətlərdə ittiham etməyə başladı. Bu o deməkdir ki, Ştrasser əməkdaşlığı deyil, konfrontasiya və qarşıdurma yolunu seçdi və mandatı çərçivəsində heç bir araşdırma aparmadı. O, Azərbaycana qarşı siyasi təzyiqlər göstərməyə cəhdlər etməyə başladı. Bu onun ən başlıca səhvi olmaqla, Avropa məkanında siyasi fiaskoya uğramasına gətirib çıxardı. Ştrasser müzakirəyə təqdim etdiyi məruzəsində azadlığa buraxılmış məhbusları, AŞ PA Baş Katibinin 2001-ci ildə təyin etdiyi müstəqil ekspertlərin siyasi məhbus hesab etmədikləri dustaqları, terrorçuları, Azərbaycanda dünyəvi dövlət quruculuğunun zorakılıq tətbiq etməklə dini dövlətlə əvəz etmək kimi ağır cinayətdə ittiham olunanları və digər ağır cinayət törətmiş şəxsləri siyasi məhbus kimi təqdim etmişdi. Şübhəsiz ki, Avropa Şurası tək Ştrasser və onu dəstəkləyən bir qrup insanlardan ibarət deyil, bu qurum sağlam düşüncəli, obyektivliyi ilə seçilən ictimai-siyasi xadimlər məkanıdır. Əlbəttə ki, Ştrasser məruzəçi təyin edildikdən sonra atdığı addımları, onun hansı formada mandatına uyğun davranması və araşdırma aparması bu insanların diqqət mərkəzində idi. Odur ki, onlar tərəfindən Ştrasserin məruzə hazırlayarkən hansı mənbələrə istinad etməsi, bu mənbələrin mötəbərliyi və obyektivliyi, məruzədə hakimiyyət, ölkədə fəaliyyət göstərən müxtəlif siyasi partiyalar, QHT-lər və digər vətəndaş cəmiyyəti nümayəndələri də daxil olmaqla, Azərbaycan cəmiyyətini təmsil edən müxtəlif təbəqələrin mövqelərinin əks etdirilməsi və s. kimi məsələlər ciddi şəkildə izlənilirdi. AŞPA plenar iclasında səsvermədən əvvəl çıxış edən deputatların əksəriyyəti Ştrasserin məruzəsinin birtərəfli, qərəzli və reallıqdan uzaq olduğunu bildirdilər. Səsvermə nəticəsində isə həmin məruzə qəbul edilmədi, yəni əhəmiyyətsiz və adi bir yazıya çevrildi. Odur ki, mən ifadəmdə obyektivəm və bir daha bildirirəm ki, Ştrasserin hazırladığı məruzə birtərəfli, qərəzli və reallıqdan tam uzaq bir yazı idi.

 

– Siz plenar iclasda Azərbaycana dair hər iki məruzə üzrə səsvermənin nəticələrini necə qiymətləndirirsiniz?

 

– Hər iki məruzə üzrə 60-ə yaxın parlamentar çıxış etdi. Əsas çıxışlar Ştrasserin hazırladığı məruzə üzrə aparıldı. Səsvermənin nəticələrinə əsasən öhdəliklərin yerinə yetirilməsi ilə bağlı məruzə qəbul edildi, siyasi məhbuslara dair məruzə isə rədd edildi. Hesab edirəm ki, Ştrasserin məruzəsinin qəbul edilməməsi, bir tərəfdən, Avropa Şurasında demokratik dəyərlərə, hüququn aliliyinə, hər hansı bir üzv ölkəyə, o cümlədən Azərbaycana qarşı ayrı-seçkiliyin yolverilməzliyi prinsiplərinə hörmətin bir daha təsdiqlənməsi kimi dəyərləndirilməlidir. Ştrasserin məruzəsinin AŞPA-da rədd edilməsi, digər tərəfdən, qurumun Ştrasser və onun tərəfdarlarından ibarət qrupun və ya digər hər hansı bir qruplaşmanın korporativ maraqlarının həyata keçirilməsi üçün poliqon olmadığının təsdiq etdi. Ştrasserin məruzəsinin AŞPA-da rədd edilməsi, üçüncü tərəfdən, bəzi ölkə daxili və xarici qüvvələrə sübut etdi ki, müxtəlif siyasi təzyiq vasitələri ilə Azərbaycana təsir etməyin heç bir perspektivi yoxdur, Azərbaycana qarşı, obrazla desək, “quyu qazan” özü həmin quyuya düşər.

 

– Yəni?

 

– Demək istəyirəm ki, Ştrasser məruzəçi olduğu 4 il ərzində Azərbaycana qarşı təzyiq etmək üçün müxtəlif vasitələrə əl atdı, müxtəlif manevrlər etməyə cəhd etdi. Lakin nə fayda? Onun hazırladığı yazı qəbul edilməyərək rədd edildi. Məruzəçi qismində 4 il ərzində Azərbaycana qarşı müxtəlif həmlələr etməyə cəhd göstərən Ştrasser 23 yanvarda müzakirələr zamanı yazıq görünürdü. O, artıq həmlə etmirdi, müdafiə olunmaq istəyirdi. Bu onun çıxışında aydıncasına görünürdü. Ştrasser özünü müdafiə etmək üçün kövrəkcəsinə obyektiv olmağa çalışdığını bildirirdi. Belə ki, Ştrasser başa düşürdü ki, onun məruzəsi rədd edilsə, siyasətçi və deputat kimi Avropa məkanında onun nüfuzuna böyük və bərpa edilə bilməyən zərbə vurulacaq. Belə də oldu. Ştrasserin məruzəsi rədd edildi, onun mandatı isə uğursuzluqla başa çatdı.

 

/Apa/