Tallində Xocalı soyqırımının 21-ci ildönümünə həsr olunmuş tədbir keçirilib

Fevralın 26-da Tallinn şəhərinin rəmzi olan 14-cü əsrin əvvəlində şəhərin bələdiyyəsi üçün tikilmiş Ratuşa binasında “Xocalıya ədalət! ” kampaniyası çərçivəsində Estoniyadakı Azərbaycan icmasının təşkilatçılığı, Heydər Əliyev Fondunun və bu ölkədəki Azərbaycan səfirliyinin dəstəyi ilə Xocalı soyqırımının 21-ci ildönümünə həsr olunmuş tədbir keçirilmişdir…

 

 

Fevralın 26-da Tallinn şəhərinin rəmzi olan 14-cü əsrin əvvəlində şəhərin bələdiyyəsi üçün tikilmiş Ratuşa binasında “Xocalıya ədalət! ” kampaniyası çərçivəsində Estoniyadakı Azərbaycan icmasının təşkilatçılığı, Heydər Əliyev Fondunun və bu ölkədəki Azərbaycan səfirliyinin dəstəyi ilə Xocalı soyqırımının 21-ci ildönümünə həsr olunmuş tədbir keçirilmişdir.

Azərbaycanın Estoniyadakı səfirliyindən verilən məlumata görə, tədbirdə Estoniyanın sabiq Prezidenti Arnold Rütel, Estoniya-Azərbaycan Parlament Qrupunun sədri E.Əfəndiyev və Qrupun üzvləri, Estoniya Parlamentində Avropa İttifaqı məsələləri üzrə komissiyanın üzvü və eyni zamanda, Estoniya İnsan Hüquqları İnstitutunun rəhbəri Mart Nut, Estoniyanın Parlamentlərarası İttifaqdakı nümayəndə heyətinin rəhbəri Tınis Kıiv, Estoniya Milli Ensiklopediyasının rəhbəri, Tallinn şəhərinin sabiq meri Ardo Aasməe, Estoniya Xarici İşlər Nazirliyinin məsul əməkdaşları, Tallinndə akkreditə olunmuş xarici ölkələrin diplomatik nümayəndəliklərinin rəhbər və əməkdaşları, ölkədə insan hüquqları sahəsində fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarının, Azərbaycan icmasının, habelə digər milli icmaların nümayəndələri, yerli kütləvi informasiya vasitələri, ali təhsil müəssisələrinin və Estoniya Diplomatiya Məktəbinin tələbələri, Baltik Müdafiə Kollecinin kursantları, Heydər Əliyev Fondunun, eləcə də Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndələri və səfirliyin əməkdaşları iştirak etmişlər.

Tədbirin əvvəlində Xocalı faciəsi qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. Tədbiri giriş söz ilə açan Estoniya Milli Ensiklopediyasının rəhbəri, Tallinn şəhərinin sabiq meri, alim Ardo Aasməe Xocalı faciəsi haqqında tədbir iştirakçılarına məlumat verərkən, insanlığa qarşı bu cür cinayətləri törədənlərin cəzalandırılmamış qalmaları belə cinayətlərin təkrarlanmasına gətirdiyini qeyd etmişdir.

Tədbirdə çıxış edən Estoniyanın sabiq Prezidenti A.Rütel müstəqillik yolunda apardığı mübarizədə Azərbaycan ilə Estoniya arasında tarixi müqayisə aparmış, Azərbaycanın təcavüzə məruz qaldığını vurğulamışdır. O, Xocalı faciəsi kimi insanlığa qarşı törədilmiş cinayətlərin qəbuledilməzliyini vurğulayaraq, cinayətkarların məsuliyyətə cəlb olunması vacibliyini qeyd etmişdir. A.Rütel Azərbaycanın ərazi bütövlüyünün tezliklə bərpa olunmasına ümidvar olduğunu söyləmişdir.

Estoniya Parlamentində Avropa İttifaqı məsələləri üzrə komissiyanın üzvü, Estoniya İnsan Hüquqları İnstitutunun rəhbəri Mart Nut çıxışında Xocalı faciəsi kimi cinayətlərin müasir dünyada qəbuledilməzliyini və Cənubi Qafqazda bu qəbildən olan cinayətləri törədənlərin məsuliyyətə cəlb edilməsinin sülhün bərqərar olunması üçün vacib şərt olduğunu demişdir. O, Azərbaycan xalqının Xocalı faciəsi ilə bağlı hisslərini Estoniya ictimaiyyətinin bölüşdüyünü bildirmiş və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinin regionun inkişafı üçün vacib amil olduğunu qeyd etmişdir. O, həmçinin demişdir ki, insan hüquqlarının əsası olan insanların yaşamaq, eləcə də öz torpağında yaşamaq hüquqlarının pozulmasının digər insan hüquqlarının kobud şəkildə pozulması deməkdir.

Daha sonra tədbirdə litvalı rejissor Andreas Brokasın Xocalı faciəsi haqqında çəkdiyi “Sonu olmayan dəhliz ” filminin nümayişi olmuşdur. Film tədbirə gələn qonaqlara böyük emosional təsir göstərmişdir.

Tədbirə yekun vuran Estoniya Milli Ensiklopediyasının rəhbəri Ardo Aasməe çıxışında demişdir ki, Xocalı faciəsini törətmiş şəxslər Beynəlxalq Tribunal qarşısında cavab verməlidir. Əks-təqdirdə insanlığa qarşı törədilmiş cinayət davam edəcəkdir. O, bununla bağlı keçmiş Yuqoslaviyada sülhün bərqərar olunması sahəsində Beynəlxalq Cinayət Tribunalının fəaliyyətinin təcrübəsinin Cənubi Qafqaz üçün misal ola biləcəyini vurğulamışdır.

A.Aasməe Xocalı faciəsinin hüquqi aspektlərinə toxunmuş və cinayətkarların qurbanı olmuş uşaq və qadınlara işgəncələr verən şəxslərin məsuliyyətə cəlb olunmasında bütün əsasların mövcud olduğunu tədbir iştirakçılarına çatdırmışdır. O, Estoniya ictimaiyyətinin bu gündə Azərbaycan xalqı ilə həmrəy olduğunu bildirmiş, həqiqətlərin beynəlxalq ictimaiyyətinə çatdırılmasında “Xocalıya ədalət! ” kampaniyasının mühüm rol oynadığını və tədbir təşkilatçılarına Estoniya ictimaiyyəti adından təşəkkürünü bildirmişdir.

Tədbirdə çoxsaylı media nümayəndələrinin iştirakı ilə əlaqədar tədbirin Estoniya media məkanında geniş şəkildə işıqlandırılması nəzərdə tutulur.

/Trend/