Hollandiyadakı türk ictimai təşkilatları və Azərbaycan diasporunun təmsilçiləri Almelo şəhərində erməni kilsəsi önündə qondarma “erməni soyqırımı “na abidə ucaldılmasına etiraz edərək şəhər bələdiyyəsinin binası qarşısında aksiya keçirib…
Hollandiyadakı türk ictimai təşkilatları və Azərbaycan diasporunun təmsilçiləri Almelo şəhərində erməni kilsəsi önündə qondarma “erməni soyqırımı “na abidə ucaldılmasına etiraz edərək şəhər bələdiyyəsinin binası qarşısında aksiya keçirib.
Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, iş günü olmasına baxmayaraq, çox sayda insanın qatıldığı mitinq izdihamlı keçib. Türk ictimai təşkilatlarının rəhbərləri və nümayəndələri aksiyada çıxış edərək, qondarma “erməni soyqırımı “na abidə ucaldılmasını və buna icazə verənləri qınayıb.
Hollandiya Azərbaycan Türk Mədəniyyət Mərkəzinin rəhbəri İlhan Aşkın bildirib ki, Almelo bələdiyyəsindən sadəcə erməni abidəsi üçün icazə alan ermənilər sonradan əsl simalarını göstərərək onun üzərinə qondarma “soyqırım ” sözlərini yazıblar. İlhan Aşkın abidəni sökülməsinə nail olanadək mübarizəni davam etdirəcəklərini deyib.
Çıxış edənlər aksiyanın eyni zamanda xalqların dostluğu və barışı üçün təşkil edildiyini deyiblər. Sonda Almelo bələdiyyəsinə müraciət qəbul olunub və bələdiyyəyə təqdim edilib.
Aksiya iştirakçıları əllərində müxtəlif plakatlar, Azərbaycan və Türkiyə bayraqlarını tutublar.
Mitinqdə Hollandiya Ankaralılar Dərnəyi, Qərbi Avropa Türk İslam Mərkəzi, Hollandiya Balkan Türkləri Kültür və Dayanışma Dərnəyi və digər türk ictimai təşkilatlarının rəhbərləri və üzvləri qatılıb.
/trend/