Ünvanlı dövlət sosial yardımı alan ailələrin sayı azalıb

Hazırda bu ailələrin 35 504-ü tərkibində 3 və daha çox uşağı olan ailələrdir…

Hazırda bu ailələrin 35 504-ü tərkibində 3 və daha çox uşağı olan ailələrdir.

Azərbaycanda əhalinin sosial-iqtisadi problemlərinin həlli, habelə sosial yardımların ünvanlılığının təmin edilməsi istiqamətində aparılan məqsədyönlü işlər ünvanlı dövlət sosial yardımı alan ailələrin sayının getdikcə azalması ilə müşahidə olunur.

Oxu.Az xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, 2014-cü ilin 01 sentyabr tarixinə respublika üzrə ünvanlı dövlət sosial yardımı təyin olunan ailələrin sayı 119 502 ailə təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 9059 ailə, yəni 7,1 faiz azdır.

Ünvanlı sosial yardımların bir ailəyə düşən orta aylıq məbləği isə ötən ilin müvafiq dövrü ilə müqayisədə 14,27 manat, yəni 11,7 faiz artaraq 136,06 manata çatıb. Hazırda ünvanlı dövlət sosial yardımı alan ailələrin 35 504-ü tərkibində 3 və daha çox uşağı olan ailələrdir.

Qeyd edək ki, ötən ilin sonlarından etibarən ünvanlı dövlət sosial yardımlarının təyinatında şəffaflığın və ictimai nəzarətin təmin olunması məqsədilə ünvanlı sosial yardım alan ailələrin siyahısı, habelə ünvanlı yardım almaq üçün tələb olunan sənədlərin siyahısı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) rəsmi internet saytının (www.mlspp.gov.az) üz səhifəsində yerləşdirilib. Eyni zamanda, ünvanlı yardımların təyinatı prosesinin avtomatlaşdırılması, beləliklə, bu sistemin tam şəffaflaşdırılması istiqamətində ƏƏSMN tərəfindən müvafiq islahat işləri görülür.

www.oxu.az