Quba rayonunda səfərdə olan Türkiyə, Qazaxıstan və Qırğızıstandan olan qonaqlar Quba Soyqırımı Memorial Kompleksini ziyarət ediblər.
APA-nın şimal bürosunun verdiyi məlumata görə, Təhsil Nazirliyi və Quba rayon Uşaq-Gənclər İnkişaf Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən “Türkdilli Xalqların Əməkdaşlığı” forumunun iştirakçılarına ermənilərin azərbaycanlılara qarşı törətdiyi soyqırımı haqqında ətraflı məlumat verilib.
Bildirilib ki, 2007-ci il aprelin 1-də Qubada torpaq işləri görülərkən kütləvi məzarlıq aşkarlanıb. Bundan sonra Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşları tərəfindən kütləvi məzarlıqda geniş tədqiqat işləri aparılıb. Tədqiqatlar nəticəsində məzarlığın 1918-ci ildə ermənilərin yerli dinc əhaliyə qarşı törətdikləri soyqırımı ilə bağlı olduğu müəyyənləşib.